Bu vaxta qədər “Əzimzadə məktəbi”nin yüz ili əhatə edən tarixinə həsr olunmuş bir neçə kitabça (1980, 1997, 2004) çap olunmuşdur. Təəssüf ki, bir çox hallarda olduğu kimi, həmin nəşrlərin hazırlanmasında da müəlliflər ilkin qaynaqlarla işləməmişlər. Ona görə də həmin kitabçaların xülasə xarakterli mətnlərində məktəbin tarixi arzulanan səviyyədə izlənilməmişdir. Bütün bunlardan çıxış edərək məktəbin tarixinə yeni münasibətdə mövcud “ağ səhifə”lərin doldurulmasına səy göstərilmişdir. Məlum olmuşdur ki, məktəbin yüzillik mövcudluğu dövründə 5555 nəfər “Əzimzadə məktəbi”nin məzun diplomlarını almışdır. Başqa sözlə desək, Azərbaycan təsviri və dekorativ-tətbiqi sənətinin beynəlxalq miqyasda şöhrət tapmasında misilsiz xidmətləri olmuş bütün sənətkarlar zamanında həmin məktəbdə təhsil almışlar.
Bu siyahıda respublikamızda məşhur olan müxtəlif peşə adamlarının adına rast gəlinməsi isə gözlənilməz olmuşdur. Onların arasında sonradan ədəbiyyat, kino, musiqi, memarlıq və sənətşünaslıq sahəsində duyulası uğurlar qazanmış məzunlar da vardır.
Bu mənada ilk olaraq hamımızın “Bir qalanın sirri” kinofilmindən Elşən obrazının mahir ifaçısı kimi tanıdığımız Gündüz Abbasov və Azərbaycan kinosunda kiçik rolların böyük ustası kimi tanınan Fazil Salayevin vaxtilə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində oxuduqlarını qeyd etməliyik.
Aktyorlardan söz düşmüşkən, “Onun bəlalı sevgisi” (1980) filmində Bəhruz rolunu oynayan Mikayıl Kərimov (atası, anası və bacısı da rəssam olublar) da bu məktəbin məzunlarından olmuşdur. Əməkdar artist Naina İbrahimova da “Əzimzadə məktəbi” diplomunun daşıyıcılarındandır.
Məşhur tarixçi-alim Sara Aşurbəyli davamlı olaraq tədqiqatla məşğul olsa da, müxtəlif janrlarda çəkdiyi əsərləri ilə həm də yaxşı rəngkar olduğunu təsdiqləmişdir. Bir çox tarixi romanların, o cümlədən də “Axırıncı aşırım” filminin ssenari müəllifi olan Fərman Kərimzadə də zamanında rənglərə olan sevgisini neçə-neçə əsərdə ifadə edənlərdən olmuşdur. Azərbaycanın dahi miniatürçü rəssamı Sultan Məhəmməd haqqında yazılan romanın və “İncəsənət” qəzetinin baş redaktoru kimi sənətşünaslığa aid çoxsaylı məqalələrin müəllifi Əşrəf İbrahimov da rəssamlıq məktəbində oxumuşdur.
Tanınmış müğənni, Xalq artisti Mobil Əhmədov da zamanında rəssam olmaq arzusu ilə “Əzimzadə məktəbi”ndə təhsil almışdır. Amma sonda fırçanı musiqiyə “qurban” versə də, zaman-zaman duyğularını rənglərlə ifadə etməkdən usanmayıb.
Xalq artisti Mirzə Babayev otuzuncu illərdə memarlıq təhsili alandan sonra rəssamlıq məktəbində sənətin sirlərinə yiyələnməklə uzun müddət memar-rəssam kimi fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artisti Fərid Əliyev (Xalq rəssamı Baba Əliyevin nəvəsi) isə məşhur təhsil ocağının müstəqillik illərində məzunu olmuşdur.
Sənətsevərlərin “Dədə Qorqud” filmindən Yalıncıq obrazı ilə də yaxşı tanıdığı Əməkdar artist Əli Haqverdiyev “Əzimzadə məktəbi”nin məzunlarındandır. Ata-anası (Həsən Haqverdiyev və Güllü Mustafayeva) rəssam olan Əlinin rənglər dünyasına marağı təbii olsa da, zamanın axarında müğənni və aktyor kimi özünü təsdiqləyə bilib.
İyirminci illərdə rəssamlıq məktəbini bitirən Qasım Səlimxanov gənclik illərində şahmat üzrə ilk Azərbaycan çempionu (1934) və Azərbaycan Şahmat Federasiyasının prezidenti (1935) olmuş, İkinci Dünya müharibəsindən qayıdandan sonra uzun illər Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) və “Əzimzadə məktəbi”ndə tələbələrə “Perspektiv” fənnini çox maraqla tədris etmişdir.
XX əsr Azərbaycan memarlığının inkişafına layiqli töhfələr verən Avrora Salamovanın təsviri sənət nümunələrində də onun özünəməxsus rəng estetikasına malik olduğu görünməkdədir. Memarlıqla rəssamlıq arasında duyulası yaxınlıq olsa da, o, yaradıcı arzularını ərsəyə gətirdiyi layihələrlə gerçəkləşdirməyə üstünlük vermişdir.
Çoxları yəqin “Əzimzadə məktəbi”ni bitirəndən sonra Sara Manafovanın bir müddət AzərbaycanTeleviziyasında diktor kimi çalışmasından xəbərsizdir. Xatırladaq ki, məşhur rejissor Arif Babayevin dəvəti ilə televiziyaya gələn Sara xanım Tamara Gözəlova (“O olmasın, bu olsun” filmində Gülnaz rolunun ifaçısı) ilə birlikdə Azərbaycan Televiziyasının ilk diktorları olmuşlar.
Sonralar görkəmli ədəbiyyatşünas-alim kimi tanınacaq Təhsin Mütəllimov da bir vaxtlar rəssam olmaq arzusu ilə “Əzimzadə məktəbi”ndə təhsil almışdır. “İnturist” Ümumittifaq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini, 20 ildən artıq Bakı şəhərinin ən böyük mehmanxanasının baş direktoru, Azərbaycan Hotellər Assosiasiyasının prezidenti vəzifəsində çalışmış respublikanın Əməkdar incəsənət xadimi Ağarəhim Əliyevin “Əzimzadə məktəbi”ndə təhsil almasından da çoxlarının xəbəri yoxdur.
Tanınmış idmançı, ağırlıqqaldırma üzrə Paralimpiya Oyunları və dünya çempionu Gündüz İsmayılov da müstəqillik illərində bu məktəbdə oxumuşdur. Mərhum kinorejissor Çingiz Rəsulzadənin kinoya gəlişi isə rəssamlıq məktəbində təhsil alandan sonra baş tutmuşdur.
Talelərini sənətşünaslıq sahəsinə bağlayan tədqiqatçı-alimlərin bir çoxu da zamanında rəssamlıq məktəbində oxumuşlar. Bu mənada Mürsəl Nəcəfov, Rasim Əfəndiyev, Məmmədağa Tərlanov, Natalya Miklaşevskaya, Cəmilə Həsənzadə, Hicran Babayeva, Ofeliya Mirzəzadə, Telman İbrahimov, Səyyad Bayramov və bu sətirlərin müəllifinin də adını qeyd etmək olar…
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor