Turizm sosial-iqtisadi sahə kimi əsasən XIX əsrin ortalarından inkişaf etməyə başlayıb. Bu dövrə qədər isə turizm fərdi gəzinti və səyahət xarakteri daşıyıb. Dünyada kütləvi turizmin ilk təşkilatçısı ingilis Tomas Kuk hesab olunur. 
      
   O, 1841-ci ildə Lankasterdən Dolnqboruqa qədər dəmir yolu ilə 570 nəfərin kütləvi gəzintisini təşkil etməklə müasir turizmin əsasını qoyub. 1869-cu ildə Avropada Beynəlxalq Mehmanxana İşçiləri Assosiasiyası yaradılıb. Bu assosiasiya 1921-ci ildə Beynəlxalq Mehmanxana İttifaqı ilə birləşib. Təbii ki, bu ənənə sürətlə inkişaf edərək bütün dünyaya yayılıb. 1954-cü ildə isə BMT-də “turizm” termini müzakirə olunub, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilib.
   Azərbaycanda turizmin maraqlı tarixi var. İstər qədim, istərsə də orta əsrlərdə Asiyanın mərkəzi ərazilərindən, uzaq Çin və Hindistandan Qara və Aralıq dənizlərinin sahillərinədək uzanan karvan yolları Azərbaycan ərazisindən keçib gedirdi. Tarixi nöqteyi-nəzərdən Azərbaycanda turizmin inkişafını bir neçə mərhələyə bölmək olar. Birinci mərhələ qədim dövrlərdən başlamış orta əsrləri əhatə etməklə XIX əsrin əvvəllərinədək davam edib. Bu mərhələnin spesifik xüsusiyyətləri turizmin “səyahət”, “səyyahçılıq” anlayışı ilə əlaqəlidir. Qədim və orta əsrlərin məşhur səyyahları müxtəlif məqsədlər üçün Azərbaycana səyahəti başa vurub vətənlərinə qayıtdıqdan sonra ölkəmizin gəzməli, görməli yerləri, təbiəti haqqında məlumat veriblər.
   İkinci mərhələ XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə - Xalq Cümhuriyyəti dövrünə qədərki tarixi əhatə edir. Bu mərhələ Azərbaycanda turizmin, daha çox ekskursiya səviyyəsində təşkili üçün ilk özəl birliklərin, cəmiyyətlərin yaradılması ilə səciyyəvi olub. 1908-ci ildən etibarən Azərbaycanda müasir turizmin ənənələri özünü göstərməyə başlayıb.
   Üçüncü mərhələ sovet dövrünü - 1920-1991-ci illəri əhatə edir. Bu mərhələdə Azərbaycanda turizm mütəşəkkil fəaliyyət sahəsinə çevrilib. Həmin dövrdə Azərbaycan keçmiş SSRİ məkanında qabaqcıl turizm marşrutlarından biri kimi tanınırdı. 1922-ci ildə Bakıda ilk ekskursiya dərnəkləri fəaliyyətə başlayıb. 1950-ci ildə Bakı Turist Bazası yaradılıb, bir müddət sonra isə həmin qurum Azərbaycan Turizm və Ekskursiyalar İdarəsinə çevrilib. 60-70-ci illərdə respublikada turist bazaları, yeni istirahət mərkəzləri yaradılıb.
   Dördüncü mərhələ (1991-ci ildən sonra) ölkəmizin müstəqillik dövrünü təşkil edir. Yeni tarixi şərait Azərbaycanda turizmin beynəlxalq standartlar əsasında qurulmasına geniş imkanlar açıb. Turizm ölkə həyatının mühüm sahələrindən birinə çevrilib, bu sahənin inkişafı məqsədi ilə əsas prioritetlər müəyyənləşdirilib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar