“Nizami Gəncəvi İli” münasibətilə Ağdaş Regional Mədəniyyət İdarəsi (RMİ), “ARB”, “ARB Günəş” və “EL” televiziyalarının birgə layihəsi olan “Sözün sehri” şeir qiraəti müsabiqəsi haqqında məlumat vermişdik.

Avqust ayında ilk seçim turu keçirilən müsabiqənin məqsədi Ağdaş RMİ-nin şəbəkəsinə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından istedadlı qiraətçilərin aşkara çıxarılması və onların bölgələrdə tanıdılmasıdır.

Tanınmış pedaqoq Bəylər Bəylərov, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran filialının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı və şair, qiraətçi Vaqif Yaquboğlunun münsifliyi ilə keçirilən şeir qiraəti yarışması yeddi həftə davam edib.

Noyabrın 10-da müsabiqənin finalı və qaliblərin mükafatlandırma mərasimi gerçəkləşib. Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarını təmsil edən, 14 və yuxarı yaş kateqoriyasında olan bədii qiraət həvəskarları öz bacarıqlarını nümayiş etdiriblər.

Münsiflər heyətinin qərarı ilə Ağdaş rayonundan Turanə Şıxəliyeva I, Göyçaydan İradə Məmmədova II, yenə Ağdaşdan Əfsanə Dostuyeva III yerlərə layiq görülüblər. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Müsabiqə “ARB Günəş” və “EL” televiziya kanalları tərəfindən yayımlanıb.