“Milli libasda çatmaqaşlı qız çəkmək istedad göstəricisi deyil. Bəs obrazın duyğularının ifadəsi haradadır? Bu baxımdan sənətşünaslar həm psixoloq, həm də estet olmalıdır”


Sənətin ən incə istiqamətini seçən zərif qəhrəmanım bu daşlı, tikanlı yolda ən ağır imtahanlardan çıxıb. Peşəsinə sevgisini, ali dəyərləri gözəl tablo kimi ürəyinə həkk edən görkəmli sənətşünas, professor Sevil Bədəlova illər boyu həm ölkəmizdə, həm də Vətənin hüdudlarından kənarda yetirmələrinin də ruhuna sənətin incəliklərini hopdurmağa nail olub.


– Sevil xanım, sənətşünaslıq sahəsində bir sıra “ilk”lərə imza atmısınız. Gəlin, elə həyatınızın da ilk illərinə dönək.

– Səfalı Şəkidə sevgi dolu ailədə dünyaya göz açmışam. Uşaqlığım mədəniyyət sahəsi üzrə çalışan sənətkarların əhatəsində keçib. Əmim kinorejissor Niyazi Bədəlovun ötən il 100 illik yubileyi qeyd olundu. O, ölkəmizdə ilk sənədli filmlərin müəllifi olub. Atamın çox gözəl səsi vardı, pianoda da ifa edirdi. Babam isə saatsaz idi. Nadir saatların kolleksiyasını toplayırdı. Anam da formalaşmağımda kifayət qədər maraqlı və örnək obraz olub. Azərbaycan Milli Ensiklopediyasına ilk kinomexanik kimi düşüb. 40 il kino sahəsində çalışıb. Anamla bağlı çox gözəl xatirəm var. Onu sizinlə bölüşmək istərdim. Qardaşımla Rusiyada ali məktəbdə təhsil alırdıq. Günlərin bir günü anam Moskvaya gəldi. İlk səfəri idi. Şəhəri birgə gəzməyə çıxdıq. Keçdiyimiz bir çox küçələri, dalanları, binaları ovcunun içi kimi tanıdığını gördük. Sən demə, uzun müddət kino sahəsində çalışdığı üçün filmlərdəki səhnələrdən xatırladığı hər yer ona doğma gəlirmiş. Həm də çox gözəl geyimlər tikərdi. Görürsünüzmü, bütün doğmalarım sənətlə bağlı insanlar olub. Sənət sevgim də onlardan gəlib.


– Təbii ki, istedadınız da...

– Əslində, anam əczaçı olmağımı istəyirdi. Amma bir qüvvə məni incəsənətə çəkirdi. Əl işlərimi, rəsmlərimi, tikişlərimi də götürüb Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə getdim. Cəsarətimi bəyəndilər. Yəqin əl işlərimə də biganə qalmadılar ki, heykəltəraş Tokay Məmmədovun sinfinə qəbul edildim. Rəssamlıq məktəbini bitirəndən sonra qrup yoldaşlarımla Rusiyaya yollandıq. Amma iki il orada rəssamlıq akademiyalarına qəbul ola bilmədim. Qərar verdim ki, artıq heykəltəraşlıq üzrə deyil, sənətşünaslıq sahəsində təhsil alıb vətənimə qayıdım. Həm də o dövrdə Azərbaycanda bu peşəyə daha çox ehtiyac duyulurdu. Bir çox çətinlikdən sonra Moskvada ali məktəbə qəbul edildim. Həmin dövrdə tapşırıqsız sadə azərbaycanlı qızın belə nüfuzlu təhsil ocağına daxil olmağı böyük hadisə idi. Təhsil aldığım dövrdə çətinliklərlə də qarşılaşdım, məni qəbul etməyən müəllimlər, professorlar da tapıldı. Digər tərəfdən, Rusiyada tək yaşamağıma, ailəmdən uzaqda təhsil almağıma valideynlərimin könülləri razı deyildi. Bu çətinliklərin öhdəsindən gəlməli idim. Həm təhsilimlə, həm əzmkarlığımla öz yolumda möhkəm addımlamağı öyrəndim. Həmin dövrdə əfsanəvi sənətkarımız Müslüm Maqomayevin əmisi Cəmaləddin Müslümov Rusiyada konsulumuz idi. Bütün problemlərimizlə maraqlanırdı, bizə dəstək olurdu. Mənim üzərimdə də əməyi az deyil. Beləcə, təhsilimi tamamladım.


– Vətəndə də uğurlarınız, məsuliyyətiniz az olmayıb...

– Tanrıya həmişə təşəkkür etmişəm ki, məni çox vaxt istedadıma dəyər verən insanlarla qarşılaşdırıb. Burada da Lətif Kərimov və digər böyük şəxsiyyətlərimiz, sənət fədailərimiz məni kəşf etdilər. Ömrümün sonunadək onları sevgi və hörmətlə xatırlayacam. İncəsənət Muzeyində elmi işçi kimi çalışmağa başladım. Muzeyin ekspozisiyasını əlifba kimi əzbər bilirdim. Hətta əsərlərin xarakteristikasını, qorunma prinsiplərini və digər detalları çox yaxşı hiss edirdim. Həmin dövrdə Xalça Muzeyi yenicə fəaliyyətə başlayırdı. Mənə direktor olmaq təklifi gəlsə də, imtina etdim. Çünki peşəkar fəaliyyətimin digər yöndə olduğunu anlayırdım.


– Yaradıcı axtarışda idiniz?

– Düşünürəm ki, bizim sahənin nümayəndələri daim axtarışda olmalıdır. Mən də həmçinin. Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində dərs verirdim. Bir gün eşitdim ki, məktəbə direktor namizədlərindən biri də mənəm. Beləcə, özümün də təhsil aldığım məktəbin ilk və yeganə qadın direktoru oldum. Bu mənim üçün böyük fəxr idi. Paralel olaraq elmi ədəbiyyatlar, məqalələr də yazmağa başladım. Fəaliyyətimin qızğın dövrü, Moskvada aspirantura təhsilimin son mərhələləri idi. Artıq elmi işimin müdafiəsi üçün çalışırdım. Təəssüf ki, həmin müddətdə qardaşım dünyasını dəyişdi və mən həyatımın ən böyük zərbəsini aldım. Amma sənətim məni çökməyə qoymadı. Bu günədək də elmi fəaliyyətlə məşğulam.


– İnsanları tablolara bənzətmək doğrudurmu? Yəni biz insanlar mükəmməl sənət incisiyik?

– Bilirsiniz, hər kəs individualdır. Hər birimizin özümüzə xas geyim, yaşam tərzimiz var. Amma bu sadaladıqlarımıza estetika qatmaq tamamilə istedadımızdan, zövqümüzdən asılıdır. Eyni şəkildə rəssamlarımıza da yanaşıram. Hər birinin öz yolu, janrı var. Lakin mən rəssamın işini təhlil, şərh edərkən öz fəlsəfəmi, yaradıcı baxışımı da ortaya qoymalıyam. Bizim peşəkarlığımız yazdığımız elmi kitabların sayı ilə ölçülmür. Əsas kəmiyyət deyil, keyfiyyətdir. Tarixdən tanıdığımız rəssamlar var ki, cəmi bir əsər yaradıb. Amma həmin tablolar hələ də dünya sənətinin ən qiymətli incisi kimi dəyərləndirilir. Mən rəssamın əsərini şəxsi keyfiyyətlərinə görə deyil, sənətinin ağırlığına görə alqışlayıram. Hər bir tablo maraqlı kitabdır, zövqlü söhbət mövzusudur. Həmçinin də biz insanlar... Ümumi mənada isə sənətşünas incəsənətə dair hər şeyi bilməli, ən xırda detala hakim olmalıdır.


– Sevil xanım, həm Azərbaycanın, həm də Türkiyənin ali məktəblərində dərs vermisiniz. Hər iki ölkənin sənət aləminə dərindən bələdsiniz. Nə kimi fərqlər və bənzərliklər müşahidə etmisiniz?

– Fərq az deyil. Amma belə deyim, Türkiyədə istər kinematoqrafiya, istərsə də teatrşünaslıq sahəsi çox güclü inkişaf edib. Amma rəssamlıq sahəsində boşluqların olduğunu hiss edirəm. Bu o demək deyil ki, Türkiyədə təsviri sənət kasaddır. Osman Hamdi bəy adlı rəssamın “Quran oxuyan qız” əsərinin adını mütləq çəkmək istərdim. Çünki bu əsəri türk incəsənətinin şedevri sayıram. Belə şah əsərlər az deyil.


– Müasir incəsənətə tərif verməyinizi istərdim. Çünki hazırda ən mübahisəli janrlardan biri də budur.

– Burada əsas məqam intellekt, psixologiya və rəssamın ötürmək istədiyi mesajdır. Mövzuya diqqət etməliyik. Rəssam bu işə hansı yöndən yanaşıb, nə demək istəyib. Bəlkə də digər həmkarını təkrarlayıb. Bu baxımdan təhlil etməliyik. Yoxsa hansısa janra qarşı çıxmaq, onu bəyənməmək, qəbul etməmək olduqca asandır. Lakin bir məsələ də var ki, istənilən rəssamın bünövrəsi olmalıdır. Milli libasda çatmaqaşlı qız çəkmək istedad göstəricisi deyil. Rəssamın psixoloji yanaşması olmalıdır. Bəs bu obrazın mimikaları, duyğularının ifadəsi haradadır?! Baxın, bu cizgilərə mütləq önəm verməliyik. Bu baxımdan biz sənətşünaslar həm psixoloq, həm də estet olmalıyıq. Müasir dünyanın tələblərini bilməliyik.


– İncəsənətə ömrünü həsr etmiş insan kimi sahənizi necə səciyyələndirirsiniz?

– Sənətşünaslıq çox məsuliyyətli sahədir. Jurnalist müsahibinin dediklərindən öncə hiss etdiklərinə önəm verdiyi kimi, sənətşünas da rəssamın daxili aləminə baş vurmalıdır. Bir sıra rəssamlar o qədər intellektual, savadlı, özünəməxsusdurlar ki, əsərlərini çözmək olduqca çətindir. Müasir incəsənət də istisna deyil. Bu peşə özünə olduqca çox diqqət tələb edir. Bəzən insan ailəsinə, özünə də zaman ayıra bilmir. İncəsənəti seçmisənsə, gərək çətinliyinə hazır olasan.


– Artıq doğma Qarabağımızda bərpa və yenidənqurma işləri gedir. Mədəniyyətimizin düzgün təbliği baxımından hansı addımları atmalıyıq?

– Bəli, bu bütün xalqımızın zəfəri, dirçəlişidir. Biz bu Qələbəni, Ali Baş Komandanımıza, igid oğullarımıza və millətimizin birliyinə borcluyuq. Sualınıza gəlincə isə, hesab edirəm ki, Qarabağın tarixini mükəmməl bilməliyik. Sənət tarixini durmadan öyrənməliyik. Azərbaycan incəsənəti güclü köklərə dayanır. Həmin ənənələri qoruyub saxlamağa məcburuq. Sənəti duyan peşəkarlar bu işə cəlb olunmalıdır. Axı Qarabağ həm də Azərbaycanın incəsənət beşiyidir. Otuz ildən sonra doğma Qarabağımıza qayıtmışıq. Bu bizim üçün mədəniyyətimizin təbliği baxımından da böyük fürsətdir.

Leyla SARABİ