Vətən müharibəsinin ildönümü və Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 11-ci ildönümü münasibətilə “Azərxalça” ASC “Qarabağ xalçalarına yeni baxış” xalça kolleksiyasını təqdim edib.

Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə tariximizdə yeni səhifə açdığı kimi, “Qarabağ xalçalarına yeni baxış” kolleksiyası da xalçasevərlərin diqqətinə Qarabağ xalçalarının yeni obrazını təqdim edəcək.

Noyabrın 17-də “Azərxalça”nın İçərişəhərdə yerləşən sərgi salonunda təqdimatı keçirilən kolleksiya Əməkdar rəssam Rəşad Ələkbərovun ideyaları əsasında “Azərxalça” ASC-nin yaradıcı qrupunun iştirakı ilə hazırlanıb.

Rəşad Ələkbərov Qarabağ xalçaçılıq məktəbinə aid “Qasımuşağı” xalçasını 4 müxtəlif rəngdə və müasir zövqə, interyerə uyğun dizaynda təqdim edib. Hər bir xalçanın dizaynına 4, toxunma prosesinə isə 2 ay vaxt sərf olunub.

Xatırladaq ki, “Qasımuşağı” xalçaları Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu xalçalardır. “Qasımuşağı” xalçaları Zəngəzur mahalının Hacısamlı nahiyəsinin (indiki Laçın rayonunun) inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının, eləcə də ətraf kəndlərin adı ilə bağlıdır.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov çıxışı zamanı qeyd edib ki, milli-mənəvi irsimiz olan Qarabağ xalçalarını bütün dünyaya daha müasir tərzdə təqdim etmək, əslində, bu xalçalara olan marağı qat-qat artırır. Artıq 11 ildir UNESCO-nun siyahısında yer alan Azərbaycan xalçaçılıq sənətinin nadir incilərini müasir dizaynda görməyin vaxtıdır.

Rəssam Rəşad Ələkbərov deyib: “Mən klassik “Qasımuşağı” xalçalarında mübarizə, müharibə, qələbə elementləri görürəm. Layihələndirdiyim xalçalarda forma olaraq bu xalçanı əsas götürmüşəm. Rəng çalarlarının dəyişməsi isə əhval-ruhiyyə, baş verən proseslər və gələcək haqqında düşüncələrimin təzahürüdür”.

Qeyd edək ki, 4 rəngdə təqdim edilən xalçaların hər biri 4 kvadratmetrdir.