Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan rəngkarlığının XX yüzilliyi əhatə edən inkişaf mənzərəsində Mikayıl Abdullayevin (1921–2002) xüsusi yeri vardır. Bunu şərtləndirən başlıca səbəb onun yarım əsrə bərabər çoxşaxəli yaradıcılığının, ənənə və müasirliyin qovuşmasını özündə ehtiva etməklə, milli sənət tariximizi şərəfləndirməsidir. Mikayıl Abdullayevin dəzgah və monumental rəngkarlıq, qrafika, səhnəqrafiya və heykəltəraşlıq sahəsində ərsəyə gətirdiyi çoxsaylı əsərləri Azərbaycan incəsənətinə layiqli töhfədir.
Əvvəlcə Bakıdakı Azərbaycan Rəssamlıq Texnikumunda (1935-1939), sonra isə Moskvadakı V.İ.Surikov adına Rəssamlıq İnstitutunda (1944-1949) təhsil alan Mikayıl Abdullayevin ömür yolu mənalı və unudulmaz hadisələrlə zəngin olduğundan, bu günə kimi də qayğıkeş insan və bənzərsiz rəssam kimi xatırlanmaqdadır.
Sənət yoluna Əzim Əzimzadə, Üzeyir Hacıbəyli, İqor Qrabar, Sergey Gerasimov, Səməd Vurğun, Çingiz Aytmatov, Dmitri Şostakoviç, Qara Qarayev kimi bir çox məşhur insanların bələdçiliyi qarşılığında rəssamın əsərlərindəki və şəxsiyyətindəki möhtəşəmliyin səbəbsiz olmadığını söyləmək mümkündür. Elə bütün yaradıcılığı da bu möhtəşəmlikdəki səmimiyyətdən bəhrələnib, onu rəng və forma-biçim ecazkarlığına çevirməyə həsr olunub. Odur ki, heç vaxt əsərləri ilə kimlərisə usandırmayıb, zaman-zaman sənətsevərləri yeni tablolarını soraqlamağa məcbur edə bilib. Mikayıl Abdullayev Azərbaycan təsviri sənət tarixini rövnəqləndirən az sayda sənətkarlardandır ki, yaradıcılığı bütün dövrlərində, o cümlədən müdrik çağlarında müasir və təravətli qala bilmişdir...
Hələ tələbəlik illərində yaratdığı “Axşam” (1947), daha sonra isə ərsəyə gətirdiyi “Mingəçevir işıqları” (1948) tabloları ilə nüfuzlu sərgi salonlarına yol tapan gənc rəssam çox qısa müddətdə istedadlı rəngkar kimi tanınmışdır. “Sevinc” tablosunun 1958-ci ildə Brüsseldə keçirilən beynəlxalq sərginin gümüş medalına layiq görülməsi isə artıq onun ustalığının beynəlxalq miqyasda təsdiqi olmuşdur. Bundan sonrakı yaradıcılığı da yeni və maraqlı axtarış və bədii tapıntılarla yadda qaldı...
Elə bilirik ki, Mikayıl Abdullayevin Şərq və Qərb rəssamlığının qovşağında ucaltdığı “yaradıcılıq məbədi” də məhz həmin bədii məziyyətlərin uğurlu sintezi, milliliyin bəşəriliyə çevrilməsinin ifadəsidir. Kommunist ideologiyasının tüğyan etdiyi məkanda bir yaradıcının sənətin müxtəlif növlərinə müraciətini yaxşı qarşılamasalar da, Mikayıl Abdullayev bu xoşagəlməz ənənəni həmişə pozmağa cəhd göstərənlərdən olub. Daha dəqiq desək, ona mane olmayıblar. Çünki onu danmaq mümkünsüzdü. Etiraf edək ki, onun rəngkarlıqdan fərqli digər sahələrə də müraciəti duyulası dərəcədə uğurlu olmuşdur. Bu mənada görkəmli sənətkarın Bakı metrosunun “Nizami” stansiyasının daxili salonunu bəzəyən mozaik pannolarının xüsusi əhəmiyyət kəsb etdiyini deməliyik.
Sonradan “yeraltı muzey” kimi dəyərləndiriləcək bu mozaikalar məcmusuna “Xəmsə” mövzusunda işlənmiş 18 süjetli panno və şairin iriölçülü portreti daxildir. Salonun divarlarındakı mozaik əsərlərdə “Sirlər xəzinəsi”ndən “Bayquşların söhbəti”, “Kərpickəsənin nağılı” və “Sultan Səncər və qarı”, “Xosrov və Şirin”dən “Fərhad Bisütunda”, “Xosrov və Şirin”, “Fərhad və Şirin”, “Leyli və Məcnun”dan “Məcnun və atası”, “Leyli və Məcnun”, “Leylinin qəbri üstündə”, “Yeddi gözəl”dən “Simnarın faciəsi”, “Bəhram və əjdaha”, “Bəhramın hünəri” və “Fitnə”, “İskəndərnamə”nin isə hər iki hissəsindən – “Şərəfnamə” və “İqbalnamə”dən üst-üstə beş motiv: “İskəndər və çoban”, “Yeddi alim”, “Nüşabə və İskəndər”, “Daranın ölümü”, “Nəqqaş Mani” səhnələri yer almışdır. Onların cəlbediciliyi ilk növbədə mozaik pannoların yeraltı tikilinin divarlarında “itməməsi”, sənətlərin sintezi probleminin uğurla həlli və bədii ümumiləşdirməli kompozisiyaların monumentallığa yüksəlməsi sayəsində əldə edilmişdir. Bunu əldə etməyin ilk növbədə miqyas seçimindən asılı olduğunu professionallıqla duyan və fəhmən hiss edən Mikayıl Abdullayev, Nizaminin ümumi kompozisiyada dominant rolunu oynayan portretini miqyas etibarilə on səkkiz süjetdən iki dəfə böyük işləməklə, arzulanan sintezin monumentallığının əldə olunmasına kökləyə bilmişdir.
Rəng palitrası bir qayda olaraq əlvanlığına görə başqalarından fərqlənən və milli bədii ənənələrlə səsləşən görkəmli fırça ustası, bu mozaik pannolarda smaltanın şərti-lakonik rəng çalarlarından istifadə etməklə, bütünlükdə kompozisiyaların miniatürsayağı – incə və cəlbedici kolorit almasına nail olmuşdur. Qarşı-qarşıya duracaq mozaikalar arasında baxış məsafəsinin çox yaxın – cəmisi yeddi metr olması da müəllifdən əsərlərin bir-birinə mane olmamasını şərtləndirən daha incə çalarlı rəng keçidləri tapmağı tələb etmişdir. Amma o vaxtlar satışda olan və daha çox “cingiltili” rənglərə malik smaltalarla buna nail olmaq demək olar ki, mümkünsüzdü. Odur ki, rəssamın təklifi ilə bu məsuliyyətli iş SSRİ Rəssamlıq Akademiyasının Leninqraddakı (Sankt-Peterburq) mozaika emalatxanasında görülmüşdür. Davamlı səylərin nəticəsində şimallı mozaikaçılar rəssamın çəkdiyi eskizlərin kolorit incəliyini əldə etməklə, əsl sənət nümunəsi sayıla biləcək pannolar yarada biliblər. Metronun “Nizami” stansiyasının 1976-cı ildə baş tutan açılışında həmin mozaik pannoların əksəriyyəti artıq hazır idi. Üç il sonra – 1979-cu ildə isə qalan bir neçə panno da “yeraltı muzey”də öz yerini tutmuş və tərtibat işi bununla başa çatmışdır.
Bu mozaikaların estetik tutumunu dəyərləndirməli olsaq, onda ilk növbədə onların duyulası bədii stilizə və ümumiləşdirmələrlə yanaşı, həm də rəng yığcamlığına və incəliyinə, cəlbedici siluet ifadəliliyinə malik olduğunu vurğulamalıyıq. Artıq yarım əsrə yaxındır ki, metronun “Nizami” stansiyasının daxilinə xüsusi gözəllik bəxş edən tərtibatın dünya reytinqlərində yüksək yer alması bir daha memar Mikayıl Hüseynov və rəssam M.Abdullayevin birgə yaradıcılığının nəticəsi olan “Xəmsə” ünvanlı monumental sənət nümunəsinin unikallığını təsdiqləyir.
Rəssamın kitab qrafikası sahəsindəki fəaliyyəti də özünəməxsus bədii-estetik məziyyətləri ilə seçilir. Bu mənada müəllifin “Leyli və Məcnun” (M.Füzuli), “Kitabi-Dədə Qorqud”, “Gülüstan” (S.Şirazi), “Şamo” (S.Rəhimov), “C.Məmmədquluzadənin hekayələri” kitablarına çəkdiyi illüstrasiyaları xüsusi qeyd etmək olar.
“Şamo”ya və “C.Məmmədquluzadənin hekayələri”nə çəkdiyi illüstrasiyalarda realist-gerçəkçi sənət prinsiplərindən istifadə edən M.Abdullayev bu nəsr əsərlərində baş verən hadisələrə cəlbedici və təsirli görkəm vermişdir. Ağ-qara cizgilərin axıcı ritmindən və incə keçidlərindən ustalıqla istifadə edən sənətkar illüstrasiyaların mətnə aydınlıq bəxş edən qaynağa çevrilməsini şərtləndirmişdir.
Bütün yaradıcılığı boyu milli bədii irsdən yaradıcılıqla faydalanan rəssam, “Leyli və Məcnun”, “Gülüstan” və “Kitabi-Dədə Qorqud”a çəkilmiş nümunələrdə ənənə ilə müasirliyin uğurlu vəhdətini əldə etməklə, miniatür üslubunun estetikasının hələ də təravətli qaldığını təsdiqləyə bilmişdir. “Kitabi-Dədə Qorqud”da bir səthdə ümumi kompozisiyanın dominantına çevrilən süjeti onu əhatələyən bir neçə kiçikölçülü motivlərlə uğurla əlaqələndirməsi səhifənin cəlbediciliyini təmin etmişdir.
“Leyli və Məcnun” ünvanlı illüstrasiyalarda isə rəssam Orta əsrlər əlyazmalarında geniş tətbiq olunan kompozisiyalardan bəhrələnərək təsvirlə yazının vəhdətindən uğurla istifadə etmişdir. Bu da oxucuya nakam məhəbbət dastanında aşiqlərin yaşantılarına şair şərhinin rəssam tərəfindən təsirli biçimdə əyaniləşdirilməsinə imkan vermişdir.
M.Abdullayev Füzuli dünyasına olan sonsuz sevgisini “Leyli və Məcnun” (Ü.Hacıbəyli) operasının bədii tərtibatında (1965) davam etdirmişdir. Geniş bədii ümumiləşdirmə və lakonikliyi ilə seçilən dekorasiyalar tamaşanın dramatikliyini üzə çıxaran bədii məziyyətlərlə zəngin olduğundan, rəng təzadlarının üstünlük təşkil etdiyi bu tərtibatlarda Şərq ruhu qabarıq duyulmaqdadır. İki il sonra M.Abdullayev milli opera sənətimizin şah əsərlərindən sayılan “Koroğlu”ya (Ü.Hacıbəyli) yeni tərtibat işləməklə tamaşanın uğurlu alınmasına yaddaqalan töhfə vermişdir. Onun hazırladığı dekorasiyalarda tamaşanın mübariz ovqatı rənglər vasitəsilə yaddaqalan estetik tutumda ifadə olunmuşdur. Daha sonra isə o, Akademik Opera və Balet Teatrında səhnəyə qoyulan “Çitra” (Niyazi) baletinin (1971) tərtibatını həyata keçirmişdir.
Özünün plastik duyumunu 1973-ci ildə hazırladığı “İmadəddin Nəsimi” heykəlində (A.Mustafayevlə birlikdə) gerçəkləşdirən M.Abdullayev, hürufi şairin üsyankar ruhunu cəlbedici forma-biçimdə təqdim etməyə nail olmuşdur. Bu yerdə əlavə edək ki, rəssam 1973-cü ildə İmadəddin Nəsiminin obrazı üçün elan olunmuş müsabiqənin qalibi olmuşdur. O, eyni zamanda Üzeyir Hacıbəylinin və Səməd Vurğunun ilk portretlərinin müəllifidir.
1953-cü ilin martında İosif Stalinin vəfatından sonra 15 sovet rəssamı ilə birlikdə M.Abdullayevin də SSRİ rəhbərini ölüm yatağında təsvir etmək kimi məsul işə dəvət olunması da ilk növbədə onun istedadına olan inamın ifadəsi idi. Rəssam sağlığında tez-tez həmin anı xatırlayar və deyərdi ki, bizə ayrılan üç saat vaxtda mən digərlərindən fərqli olaraq bir yox, iki etüd işlədim. Deyilənə görə, onlardan biri məşhur auksionda çox baha qiymətə satılmışdır.
Onun rəngkarlıq, qrafika, heykəltəraşlıq, teatr tərtibatı və monumental sənət sahəsində yaratdığı çoxsaylı əsərlərindəki bədii məziyyətlər inandırır ki, yaradıcı insanın özünü tam ifadəsi üçün bu rəngarənglik çox vacib keyfiyyətdir. Yalnız zaman onun bu sahələrə müraciətlərinin nə qədər məntiqli olub-olmamasını müəyyənləşdirir. Etiraf edək ki, rəssamın 60 illik yaradıcılıq toplusundan bədii dəyəri artıq zamansızlaşan bir çox əsərləri “boylanmaqdadır”...
Onun əsərləri yaradıcılığının zaman və məkan çərçivəsinə sığmadığını da təsdiqləyir. Bütün bunların bilavasitə rəssamın kamil bədii vərdişlər daşıyıcısı olmaqla yanaşı, qeyri-adi təfəkkür və təxəyyül genişliyinin nəticəsində əldə olunduğu birmənalıdır. Mikayıl Abdullayev istər çağdaş, istərsə də əski mövzuların eyni sənətkarlıqla obrazlı və orijinal forma-biçim ifadəsinə nail ola bilmişdir. Müdrik Dədə Qorqudu, qoç Koroğlunu, iki cahana sığışmayan Nəsimini, məhəbbətləri mühitin girdabında boğulan Leyli və Məcnunu zamanın əski ictimai-psixoloji-estetik məkanından qopardıb “müasirləşdirmək” elə də asan məsələ olmamışdır. Əski mövzulara müraciət yaradıcı adamdan nə qədər obrazlı təxəyyül tələb edirsə, müasir olayların bədii təqdimatı isə ondan bir o qədər də incə psixoloji-estetik yanaşma tələb edir. Rəssamın “Fərhadın məşqi”, “İndira Qandi”, “Üzeyir Hacıbəyli” və s. əsərləri məhz bu qəbildən olub, həmin məziyyətləri özündə yaşadır...
Çox vaxt deyirlər ki, hər bir sənətkar dövrünün yetişdirməsi və həm də onun ifadəçisidir. Mikayıl Abdullayevin də yaradıcılığı çox vaxt yerli-yersiz tənqid olunan “sosializm realizmi”nin cövlan etdiyi dövrə təsadüf edib. Həmin mərhələdə yaradılan əsərlərin hakim ideologiyaya bağlılığı tələbinin məcburiliyi yəqin ki, çoxlarının yaradıcı təxəyyülünün əyləcini istər-istəməz işə salan amil olub. Ancaq məhz həmin vaxtlarda təxəyyülünü qanadlandıra bilənlər “sosializm realizmi”nin çətin imtahanından çıxa biliblər. Tablolarının atributları dahi rəhbərlərin fotosayağı portretləri, qırmızı şüarlar, əzəmətli tikinti kranları, dəzgahlar və s. olan tablolar bu gün artıq heç tarixin də yaddaşında qalmayıb. Atributları qabarıq, bədii dəyəri çox vaxt aşağı olan bu işlərin çoxunu muzeylərdə də yəqin ki, inventar olduğu üçün saxlayırlar. O vaxtlar sovet məkanında bir çox rəssamlar da elə çoxlarının müraciət etdikləri mövzulara münasibətlərini bildirirdilər, amma necə? Əski O.Domye, V.Van Qoq, R.Quttuzo ənənələri A.Plastov, A.Deyneka, Y.Moiseyenko yaradıcılığında, o cümlədən də Mikayıl Abdullayevin bədii təfəkküründə ənənəvi mövzular yüksək estetik məziyyətlərinə görə ölməzlik qazandılar. İndi qətiyyətlə demək olar ki, onun “Sevinc”, “Səadət quranlar”, “Azərbaycan çöllərində”, “Racəstan qadınları”, “Çəltikçi qızlar” və s. tabloları heç bir sənət “izm”inə sığmayacaq nümunələrdir. Yəqin ki, ona ünvanlanan Xalq artisti Fikrət Əmirovun “Bəstəkar ürəkli rəssam”, Xalq şairi Rəsul Rzanın “Həssas qəlbli rəssam”, Xalq yazıçısı Süleyman Rəhimovun “Rəssamlığımızın Fərhadı” epitetləri də təsadüfi yaranmayıb. Elə onun hər bir əsərində də bu görkəmli şəxsiyyətlərin tuta bildikləri müsbət məqamları görmək mümkündür. İndi Mikayıl Abdullayevin müxtəlif mövzulu əsərləri ölkəmizin və xarici ölkələrin ən nüfuzlu muzeylərini və şəxsi kolleksiyalarını bəzəməkdə, xalqına başucalığı və qürurvericilik bəxş etməkdədir...
Sənətkarın Hindistan səfərindən sonra yaratdığı tablolar vaxtilə SSRİ mədəni məkanında hadisəyə çevrilmişdi. Onun Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülməsi də Hindistan silsiləsinə verilən yüksək qiymətin təzahürü idi. Rəssam bioqrafiyasını təkcə bu mükafat bəzəmir. O, respublikamızda ilk dəfə SSRİ Xalq rəssamı adına layiq görülən, SSRİ Rəssamlıq Akademiyasına həqiqi üzv seçilən sənətkardır. O həm də respublikanın Xalq rəssamı və Azərbaycan Dövlət mükafatı laureatı idi.
Vaxtilə böyük sənətkarımız Əzim Əzimzadə ilə yaxın müəllim-dost münasibətlərini özünə həyat və sənət məktəbi hesab edən Mikayıl Abdullayev uzun illər rəngkarlıq professoru kimi gənc rəssamlara rənglərin sirrini öyrətməklə məşğul olmuşdur. Bu gün Azərbaycan rəngkarlığının mənəvi yükünü şərəflə daşıyan rəssamların əksəriyyəti vaxtilə ondan dərs almışlar.
Bütün yaradıcılığı boyu Vətən torpağını özünə ilham mənbəyi hesab edən rəssamın yaratdıqları əbədiyyətə qovuşduğundan, bu il 100 illik yubileyi qeyd olunan rəssamın Azərbaycan incəsənətində yeri həmişəki kimi qabarıq duyulmaqdadır. Qənaətimizcə, bu, elə gələcəkdə də belə olacaqdır. Bunu Mikayıl Abdullayevin zamansızlığa qovuşduğu birmənalı olan əsərlərinin milli və bəşəri ruhu şərtləndirir...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor