Aprelin 28-dən 30-dək “Baku Expo Centre”də keçirilən «AİTF-2011» 10-cu Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisində iştirak edən xarici şirkətlərin nümayəndələri zəngin təəssüratlarını bizimlə bölüşdülər.
“Ölkənizin tarixi məni cəlb edir”
Dünyanın öndə gələn turizm ölkələrindən olan Yunanıstan sərgidə bir neçə şirkətlə təmsil olunurdu. “Vega Travel” turist təşkilatının rəhbəri Vasilos Vladis öncə ölkəsinin turizm imkanları barədə qısa məlumat verdi:
- Dünyada baş verən qlobal maliyyə-iqtisadi böhranı Yunanıstana çox mənfi təsir etsə də, bu, turizm sahəsində özünü göstərmir. Əksinə, hətta deyərdim ki, Yunanıstanda turizm biznesi günü-gündən möhkəmlənir. Hazırda Egey adalarına çoxlu cəlbedici infoturlar təşkil olunur. Ölkəmizə Avropadan, SSRİ-yə daxil olan keçmiş respublikalardan isə ən çox Rusiyadan turistlər gəlir. Ümumilikdə keçmiş sovet respublikalarından, o cümlədən Azərbaycandan gələn turistlərin sayı ildən-ilə artır.
- Azərbaycanın turizm sektoru ilə nə dərəcədə tanışsınız və ölkəmizin turizm imkanlarını necə qiymətləndirirsiniz?
- Artıq üçüncü dəfədir ki, Bakıya gəlirəm. Şirkətimiz ilk dəfə 2009-cu ildə Bakıda keçirilən beynəlxalq sərgidə iştirak edib. Azərbaycanın turizm sektoru barədə qismən məlumatım var. Ölkənizdə turizmin inkişafı üçün geniş imkanlar var. Hələ ki, bildiyimə görə, Azərbaycana Avropadan gələn turistlərin sayı elə də çox deyil. Arzu edirəm ki, ölkənizin bu sahədə imkanları daha da artsın. Onu da deyim ki, bu işdə təbliğat və tanıtım kampaniyasının müstəsna rolu var.
Azərbaycan özünün turizm imkanlarını hələ yetərincə reklam etmir. Hotellərinizin xidmət səviyyəsini daha da yüksəltmək üçün xeyli işlər görülməlidir. Onu da deyim ki, son illər Bakıda çoxlu gözəl hotellər tikilib. Əlbəttə, biz hələ sizin regionlarda, tarixi, görməli yerlərinizdə tikilən hotellərlə tanış deyilik. Bakı isə yaxşılığa doğru çox dəyişib. Xüsusilə də, şəhərin mərkəzində çoxlu gözəl tikililər diqqəti cəlb edir. İçərişəhərdə bərpa işləri aparılır ki, bu da çox maraqlıdır. Bir əcnəbi turist kimi məni ölkənizin tarixi çox cəlb edir. İstərdim ki, Azərbaycanın tarixi, mədəniyyəti, görməli yerləri və turizm imkanları haqqında çoxlu bilgilər, reklamlar verilsin. Ölkəni reklam etmək lazımdır ki, turistləri daha çox cəlb edəsən. Bu əcnəbi turistləri ölkəyə cəlb etməyin ən əsas vasitələrindən biridir. Məsələn, artıq iki ildir ki, Yunanıstanın Mədəniyyət və Turizm Nazirliyi Bakıda keçirilən bu sərgidə iştirak edir, ziyarətçilərə ölkəmizin turizm imkanlarını təbliğ edən çoxlu informasiyalar verilir. Ona görə də ölkəmizdə turizm davamlı inkişafdadır. Yunanıstan əsas gəlirini turizmdən əldə edir. Ölkəmizə gələn turistlər əla istirahət edir, tarixi və görməli yerlərə səyahət edirlər. Yunanıstanın əhalisinin yarısı turizmdən gələn gəlir hesabına yaşayır. Azərbaycanın böyük gəlir gətirən nefti var, amma ölkənizin turizm potensialı da böyükdür və o inkişaf etməkdədir.
- Bakıda təşkil edilən beynəlxalq turizm və səyahətlər sərgisini necə dəyərləndirirsiniz?
- Bu, Azərbaycan tərəfindən çox gözəl təşəbbüsdür. Ən müxtəlif ölkələr burada təmsil olunur və turizm kompaniyaları bir-biriləri ilə tanışlıq imkanı əldə edirlər. Bir daha qeyd edim ki, Bakıya budəfəki səfərim də məndə dərin təəssürat yaratdı. Şəhər yaxşılığa doğru çox dəyişib, yeni yollar salınıb, gözəl kafe və restoranlar tikilib, hotellərin də sayı artıb.
«Hindistanlı turistlər Azərbaycana böyük maraq göstərirlər»
Hindistanın “Lux Routes” şirkətinin meneceri Tarun Takur isə ölkəsinin turizm imkanlarını göstərən məlumat kitabçalarını ziyarətçilərə təqdim edirdi. Bizimlə söhbətində ölkəsinin turizm imkanlarından bəhs etdi: «Hindistanın turizm imkanları olduqca genişdir. Məsələn, ölkəmizin cənubuna səyahət edən turistlər burada qədim incəsənət, mədəniyyət nümunələri, qədim hind sülalələrinə məxsus tikililər, müxtəlif dövrlərə məxsus ehramlar, bu günə qədər qorunub saxlanılan abidələrlə tanış olurlar. Hindistanın qərbində isə turistlər üçün ideal məkan, Mumbay yerləşir. Buradakı mağaralar, monastırlar turistlərdə böyük maraq və dərin təəssürat yaradır. Ölkəmizin Himalay dağları ətəyində yerləşən hissəsi də gözəl, heyrətamiz yerdir. Hindistana gələnlər burada müxtəlif dinlər, fərqli mədəniyyətlərlə tanış olurlar».
Tarun Takur Azərbaycanla Hindistan arasında turizm sahəsində əməkdaşlığın perspektivlərinə də toxundu: «Əgər ölkələrimiz arasında birbaşa təyyarə uçuşları olarsa, turizm əlaqələrimiz daha da genişlənər. Çünki Hindistan turistlərində Azərbaycana böyük maraq var. Bizim “Lux Routes” şirkətinə gəlincə, yaxın gələcəkdə Bakıda ofis açmağı planlaşdırırıq».
Qonaq sərginin əhəmiyyətini belə dəyərləndirdi: «Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisi əməkdaşlığın genişləndirilməsi baxımından gözəl imkandır. Mən Bakıya ilk dəfədir ki, gəlirəm. İnsanların qonaqpərvərliyi məni həddindən çox təsirləndirdi».
«İnsanlarınızın qonaqpərvərliyi diqqətimi çox çəkdi»
Macarıstanın «Robinson Tours» şirkətinin Budapeşt ofisinin rəhbəri Orsaq Yulianna Bakıya ilk dəfə gəldiyini bildirdi: «Diqqətimi ən çox çəkən insanlarınızın qonaqpərvərliyi, istiqanlılığı oldu. Ölkənizin yaxşı turizm imkanları olduğunu eşitmişik. İstəyirik ki, sərgidə iştirak etməklə ölkənizlə yaxşı turizm əlaqələri quraq. Biz həm də sizin turist şirkətlərini Macarıstana dəvət etmək istəyirik. Bu yolla bir-birimizi daha yaxşı tanımış olarıq. Budapeşt hər il beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Bu həm də kurort şəhəridir. Burada müalicə ilə məşğul olan sanatoriyalar fəaliyyət göstərir. Ölkəmizdə müalicəvi sular geniş tanınır. Həmin su bir çox xəstəliklərin dərdinə əlac edir. Azərbaycan Macarıstanda çox populyardır və düşünürəm ki, gələcəkdə daha da tanınacaq. Biz bilirik ki, sizin gözəl mənzərəli regionlarınız, tarixi məkanlarınız var. Düşünürəm ki, Bakıda keçirilən belə bir sərgi əməkdaşlıq, tanışlıq baxımından əhəmiyyətlidir».
Mehparə