Noyabrın 27-də Azərbaycan Milli Xalça Muzeyində “Tahir Salahov yaradıcılığında xalçanın sehri” adlı mühazirə keçiriləcək.

Mühazirə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Sənətşünaslıq fakültəsinin I kurs magistrantı Sədaqət Əliyeva tərəfindən təqdim olunacaq. Mühazirəçi dünya şöhrətli Azərbaycan rəssamı, SSRİ Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahovun (1928-2021) xalçalara köçürülmüş möhtəşəm əsərlərindəki sirli-sehrli təsvirlər, onların mənaları barədə məlumat verəcək.

S.Əliyeva eyni zamanda dahi fırça ustasının keçdiyi mənalı həyat yolu və zəngin yaradıcılıq irsi barədə də söz açacaq.