Dekabrın 10-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qürur mənbəyimiz olan şəhidlərə, qazilərə, əsgər övladlarımıza və Zəfərimizin simasına çevrilən şəhid  analarına həsr olunan "Bir nəfəs qədər" (pyesin müəllifi – Samir Qulamov) tamaşasının premyerası olacaq.

Teatrdan bildirilib ki, böyük bəstəkar Fikrət Əmirovun musiqisi əsasında hazırlanan səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Tamaşada Prezident təqaüdçüsü, gənc pianoçu və bəstəkar Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunur.

Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev iştirak edəcəklər.

Tamaşaya biletləri şəhərin teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.