Lənkəran Regional Mədəniyyət İdarəsinin (RMİ) Gənclərin İnkişaf və Karyera Mərkəzi Lənkəran nümayəndəliyi ilə birgə keçirdiyi “Kəndimiz mərkəzdə” layihəsi davam edir. Layihə çərçivəsində növbəti tədbir Mamusta kənd Folklor evində keçirilib. Tədbirə kəndin ziyalıları və gəncləri qatılıblar.

Şəmkir RMİ Göygöl rayonu üzrə nümayəndəliyinin təşəbbüsü, Aşıq Şəmşir adına Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günü (23 noyabr) ilə bağlı tədbir keçirilib.

Şəki RMİ Qax rayon MKS-nin 12 saylı Güllük kənd kitabxana filialında Aşıq Ələsgərin 200 illiyi münasibətilə “Özün getdin, sözün qaldı dünyada” adlı tədbir təşkil olunub.

Gəncə RMİ Gəncə şəhər 4 nömrəli Uşaq musiqi məktəbində Fikrət Əmirovun anadan olmasının ildönümü münasibətilə keçirilən tədbirdə məktəbin müəllimləri tərəfindən bəstəkarın Nizami Gəncəvinin qəzəli əsasında bəstələdiyi “Gülüm” romansı və “Azərbaycan elləri” əsəri ifa edilib. Regional idarənin tabeliyində fəaliyyət göstərən digər musiqi məktəblərində də tədbirlər keçirilib.

Sumqayıt RMİ-nin tabeliyindəki Sumqayıt Muğam Mərkəzində Sumqayıtın şəhər statusu almasının 72-ci ildönümü münasibətilə tədbir təşkil olunub. Tədbirdə Sumqayıt ŞİH-nin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sumqayıt Dövlət Rəsm Qalereyasında isə “Vətən eşqi uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirilib.

Ağstafa RMİ Qazax şəhər 2 nömrəli Uşaq musiqi məktəbi Fikrət Əmirovun anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Unudulmaz dahi” adlı tədbir təşkil edib. Məktəbin şagirdlərindən ibarət ansambl, xor kollektivi, xanəndələr bəstəkarın əsərlərini ifa ediblər.

Qusar Dövlət Ləzgi Dram Teatrı 2016-cı ilin Aprel döyüşlərinin şəhidi, Milli Qəhrəman Çingiz Qurbanovun doğum günü münasibətilə “Çingiz dastanı” tamaşasını təqdim edib.

İsmayıllı RMİ İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində İsmayıllı rayonunun yaranmasının 90-cı ildönümü münasibətilə tədbir keçirilib. İsmayıllı RİH-nin rəhbərliyi, RMİ-nin rəisi Elçin Nəcəfov və digər qonaqların qatıldığı tədbirdə F.Əzimov adına Uşaq incəsənət məktəbinin kollektivi və idmançılar çıxış ediblər. Rayon sənətkarlarının əl işləri, Basqal kəndində hazırlanan kəlağayı, müxtəlif dövrlərə aid misgərlik örnəkləri və bölgənin mətbəxinə aid təamlar təqdim olunub. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin İsmayıllıya səfərlərinin əks olunduğu film izlənilib. Mərkəzdə həmçinin əlamətdar tarixlə bağlı “Kəndimizin etüdü” adlı rəsm sərgisi təşkil olunub.

Ağdaş RMİ Zərdab rayon Mərkəzi Kitabxanasında Kəlbəcərin işğaldan azad olunmasının (25 noyabr) birinci ildönümü ilə əlaqədar “Biz qayıtdıq. Kəlbəcər, sən azadsan!” adlı tədbir keçirilib.

Sabirabad RMİ Şirvan şəhər Heydər Əliyev Mərkəzi və şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Ağdam azaddır” adlı bədii qiraət müsabiqəsinin yekun mərhələsi keçirilib. Eldar Hüseynli I, Rəşvin Şirəlizadə II, Alişan Qəfərli və Zəhra Mehrəlizadə isə III yerlərə layiq görülüblər.

Masallı RMİ-nin təşkilatçılığı ilə gerçəkləşən “Mədəniyyət kəndlərdə” layihəsinin növbəti tədbiri sənətkarlıq və təsərrüfat ənənələri ilə seçilən Musaküçə kəndində keçirilib.

RMİ-nin rəisi Bəxtiyar Qılıncov, Masallı RİH başçısının müavini Aybəniz Qafarova çıxış ediblər. Sonra bədii proqram təqdim olunub. Tələbə və məktəblilər şəhidlərimizə həsr olunmuş vətənpərvərlik şeirləri səsləndiriblər. “Halay” folklor ansamblı tərəfindən rəqs kompozisiyası təqdim olunub. Tədbir iştirakçıları el sənətkarlığı nümunələrindən ibarət sərgilərlə tanış olublar. Sonda layihənin tədbirlərində fəal iştirak edən bir qrup məktəbli və mədəniyyət işçisinə RMİ-nin təşəkkürnaməsi təqdim olunub.

N.MƏMMƏDLİ