Azərbaycan
27 noyabr 1870 – Məşhur şərqşünas, maarifçi Mirzə Kazım bəy (Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu; 22.6.1802 – 1870) vəfat edib. Peterburq Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.
27 noyabr 1912 – Xalq artisti, aktyor və rejissor İsa Həsən oğlu Musayev (1912 – 8.2.1976) anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərib.
27 noyabr 1919 – Əməkdar incəsənət xadimi, aktyor, ssenarist, rejissor Cahangir Aslanoğlu (Məmmədov; 1919 – 16.1.1998) anadan olub. “Gülmək cana faydadır”, “Qarğa, məndə qoz var” və s. komediyaların, yumoristik hekayə və səhnəciklərin müəllifidir.
27 noyabr 1945 – Əməkdar rəssam, heykəltəraş Namiq Əbdülxaliq oğlu Dadaşov (1945 – 7.10.2021) Bakıda anadan olub. Üzeyir Hacıbəyli və Bülbülün Şuşa şəhərindəki büstlərinin, Bakıda Fikrət Əmirovun heykəlinin müəllifidir.
27 noyabr 2015 – Görkəmli dilçi alim, akademik Tofiq İsmayıl oğlu Hacıyev (1.5.1936 – 2015) vəfat edib. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub.
28 noyabr 1852 – Şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (14.6.1794 – 1852) vəfat edib. Gəncədə doğulub, 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib.
28 noyabr 1907 – Maarifçi, təbiətşünas alim, publisist Həsən bəy Zərdabi (Məlikov; 1842–1907) vəfat edib. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub. Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı gimnaziyasının ilk müsəlman müəllimi olub.
28 noyabr 1933 – Əməkdar artist, vokal ifaçısı Adil İbrahim oğlu Məlikov (1933 – 19.5.2009) Astara rayonunda doğulub. Akademik Opera və Balet Teatrının solisti olub.
28 noyabr 1940 – Tanınmış şair, aşıq Alqayıt Bayram oğlu Xəlilov (1940 – 12.1.2013) Qərbi Azərbaycanda (Ermənistan SSR) – Göyçə mahalının Daşkənd kəndində anadan olub.
28 noyabr 1943 – Əməkdar rəssam Rafael Abbas oğlu Abbasov (1943 – 3.12.2020) Bakıda anadan olub. Portretlər, süjetli tablolar, natürmortlar, Abşeron və Naxçıvanın təbiətini tərənnüm edən mənzərələrin müəllifidir.
28 noyabr 2009 – Xalq rəssamı Rafiq Mahmud oğlu Mehdiyev (10.6.1933 – 2009) vəfat edib. Kitab və dəzgah qrafikası sahəsində çalışıb, həmçinin rəngkarlıq əsərlərinin müəllifidir.
29 noyabr 1920 – Əməkdar rəssam Güllü Hacağa qızı Mustafayeva (1920-1993) Türkmənistanın Cərco şəhərində anadan olub. Əsərləri: “Leyli və Məcnun məktəbdə”, “Şairə Məhsətinin portreti” və s. Yaradıcılığında uşaq portretləri xüsusi silsilə təşkil edir.
29 noyabr 1928 – Azərbaycanın, SSRİ-nin və Rusiya Federasiyasının Xalq rəssamı Tahir Teymur oğlu Salahov (1928 – 21.5.2021) Bakıda doğulub. SSRİ Dövlət mükafatına, Azərbaycanın və Rusiyanın Dövlət mükafatlarına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Moskva Rəssamlıq Akademiyasının professoru olub. Məşhur əsərləri: “Bəstəkar Qara Qarayevin portreti”, “Təmirçilər”, “Şəhər eşelonu” və s. Azərbaycanın ən ali təltifi olan “Heydər Əliyev” ordeninə (2008) layiq görülüb.
29 noyabr 1994 – Əməkdar incəsənət xadimi, rəssam Kamal Əhməd oğlu Əhmədov (28.2.1940 – 1994) vəfat edib.
29 noyabr 2009 – Əməkdar artist Firdovsi Qiyas oğlu Naibov (22.4.1935 – 2009) vəfat edib. Akademik Milli Dram, Gənc Tamaşaçılar teatrlarının aktyor olub.
29 noyabr 2010 – Xalq artisti, diktor Fatma Ağacabbar qızı Cabbarova (7.11.1920 – 2010) vəfat edib. Azərbaycanın ilk radio diktorlarından olub.
30 noyabr 1934 – Şair, tərcüməçi İlyas Oruc oğlu Tapdıq (1934 – 25.12.2016) Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. “Meşənin mahnısı”, “Məhəbbət yolları” və s. kitabların müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.
30 noyabr 1973 – Əməkdar artist Cabbar Əli oğlu Əliyev (15.1.1904 – 1973) vəfat edib. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.
30 noyabr 1973 – Əməkdar incəsənət xadimi, rəssam İzzət Əli qızı Seyidova (20.10.1910 – 1973) vəfat edib. İlk azərbaycanlı qadın teatr rəssamlarından olub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.
30 noyabr 2012 – Əməkdar artist, skripkaçı, pedaqoq Tahir İsrafil oğlu Atakişiyev (21.8.1927 – 30.11.2012) vəfat edib.
Dünya
27 noyabr 1940 – Çin (Honkonq) aktyoru, rejissor, Şərq əlbəyaxa döyüş növlərinin ustası Brüs Li (Bruce Lee; 1940–1973) anadan olub.
27 noyabr 1942 – Amerikalı rok-musiqiçisi, gitaraçı Cimi Hendriks (Jimi Hendrix – James Marshall Hendrix; 1942–1970) anadan olub.
27 noyabr 1953 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O’Neill; 16.10.1888 – 1953) vəfat edib.
28 noyabr 1757 – İngilis şairi və rəssamı Vilyam Bleyk (William Blake; 1757–1827) anadan olub.
28 noyabr 1820 – Alman filosofu, kommunist ideologiyasının banilərindən biri Fridrix Engels (Friedrich Engels; 1820–1895) anadan olub.
28 noyabr 1829 – Bəstəkar və dirijor, Rusiyada ilk konservatoriyanın yaradıcısı Anton Qriqoryeviç Rubinşteyn (1829–1894) anadan olub.
28 noyabr 1881 – Avstriya yazıçısı, ədəbiyyatşünas Stefan Sveyq (Stefan Zweig; 1881–1942) anadan olub. Əsərləri: “Naməlum qadının məktubu”, “Maria Stüart”, “Şahmat novellası”, “Dünənki dünya” və s.
29 noyabr 1906 – Məşhur kinooperator, sənədli filmlər rejissoru Roman Lazareviç Karmen (1906–1978) Odessada anadan olub. “Xəzər neftçiləri haqqında povest” sənədli filminə görə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.
30 noyabr 1667 – İngilis (irland) yazıçısı, “Qulliverin səyahəti” əsərinin müəllifi Conatan Svift (Jonathan Swift; 1667–1745) anadan olub.
30 noyabr 1817 – Alman filoloqu və tarixçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1902, “Roma tarixi” əsərinə görə) laureatı Teodor Momzen (Theodor Mommsen; 1817–1903) anadan olub.
30 noyabr 1835 – Amerika yazıçısı Mark Tven (Mark Twain – əsl adı Samuel Langhorne Clemens; 1835–1910) anadan olub. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. romanların müəllifidir.
Hazırladı: Vüqar ORXAN