Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş olunub.
Səhnə əsərində Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandırıb. Digər rolları teatrın aparıcı solistləri – Xalq artistləri Əli Əsgərov (İbrahim xan), Əkrəm Poladov (Alı kişi), Fidan Hacıyeva (Xanəndə qız), Əməkdar artistlər İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan), Tural Ağasıyev (Həmzə bəy), Əliəhməd İbrahimov (Təlxək), Mahir Tağızadə (Ehsan paşa) və başqaları ifa edib.
Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edib.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi və milli musiqi sənətinin parlaq səhifəsi olan “Koroğlu” operası ilk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub. Beş pərdədən ibarət operanın librettosunu Heydər İsmayılov və Məmməd Səid Ordubadi yazıblar.