Otuz ilə yaxın bir müddətdə didərginlik yaşayan, əslində Ağdamda ola-ola doğma ocağından uzaq düşən Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı da bu gün tarixi Zəfərin xalqımıza bəxş etdiyi qüruru yaşayır. İşğaldan sonra Ağdam teatrından geriyə qalan yalnız dörd sütundur. Qürurlu, sarsılmaz və mübariz dörd sütun.

Bilmirəm niyə, amma Ağdamın işğaldan azad olunan ərazilərində olarkən o sütunların hər kəsi keçmişə çəkdiyini, dünənə can atan körpü obrazında olduğunu hiss etdim. Mənə elə gəldi ki, zamanında gur işıqların altında özünün ən qaynar dövrünü yaşayan, təkcə sənət ocağı deyil, həm də şəhərin ən görkəmli, dəbdəbəli binası kimi ora gələnlərə qucaq açan Ağdam teatrı indi məhz bu dörd sütunun şahidliyində yenidən köhnə şöhrətinə qayıtmağın əzmini yaşayır.

Bu xəyali tamaşa-təsvirin kədərli pərdəsini qaldırmaq, daha toxtaq, daha inamlı görünmək üçün onun qarşısında səf tutanların – teatrın kollektivinin sırasından direktor Məhəmməd Hüseynovu seçdim.

Onun bələdçiliyi ilə teatrın həndəvərini dolaşdıq, bu və digər tikililərin qalıqları haqqında danışdıq və bir zamanlar möhtəşəm bina olmuş bu daş topalarının səhnə təəssüratında qürurlu dörd sütuna baxa-baxa, elə ayaqüstü söhbət elədik. Dünənin xatirəsi ilə üz-üzə bu günün teatrından, səhnəsindən söz açdıq.

– Qarabağ ziyalıları və Əbdürrəhim bəy Haqverdiyevin köməkliyi ilə yaradılmış teatrımız ilk tamaşalarını 1910-cu ildə reallaşdırıb. Bunlar M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və Ə.Haqverdiyevin “Dağılan tifaq” pyesləri idi. 1923-cü ilə qədər ictimai əsaslarla dram dərnəyi kimi fəaliyyət göstərsə də, həmin ildən etibarən rəsmi olaraq teatr kimi işinə davam edib.

1923-1948-ci illərdə Ağdam Dövlət Dram Teatrı çox aktiv fəaliyyət göstərib. Həmin illərdə Azərbaycan və dünya dramaturgiyasından tamaşalar səhnələşdirilib. Dram əsərləri ilə yanaşı, “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları da səhnəyə qoyulub. O zamanlar dövrün bir sıra görkəmli ziyalıları bu teatrda cəmləşib. Daha sonra – 1948-ci ildə isə bir çox bölgə teatrları kimi, Ağdam Dövlət Dram Teatrının da fəaliyyəti dayandırılıb. 1948-1968-ci illərdə Xalq teatrı kimi fəaliyyət göstərib, yenə klassik dram əsərləri ilə yanaşı, opera nümunələri də göstərilib. Bu gün məşhur olan bir çox xanəndələr də elə Ağdam teatrı ilə tanınıb. 1968-ci ildə Azərbaycan SSR Nazirlər Soveti tərəfindən Mingəçevir və Sumqayıt şəhərlərində dövlət dram teatrlarının yaradılması, Ağdam Dövlət Dram Teatrının isə fəaliyyətinin bərpa edilməsi haqqında qərar verilir. Bir il sonra İlyas Əfəndiyevin “Boy çiçəyi” və Bəxtiyar Vahabzadənin “Vicdan” əsərləri ilə teatr yaradıcı fəaliyyətini davam etdirməyə başlayır. 70-ci illər mədəniyyət ocağının bütün tarixinin “qızıl dövrü” hesab olunur. O vaxtlar həm də zəngin kadr potensialı var idi. Demək olar ki, aktyor heyətinin mütləq əksəriyyəti peşəkarlar olub.

 

Ağdam camaatının daim teatra, səhnə sənətinə maraqlı olduğunu, tələbkar və zövqlü tamaşaçı kimi seçildiyini də əlavə edən həmsöhbətim indi nişanələri qalan bu binanın tamaşa salonunun daim alqışlarla guruldadığını, səhnə uğurlarına, yaddaqalan qastrollara, nümayişlərə meydan olduğunu deyir.

 

– Arada oturub bu qədər vaxtı həsrətə necə dözdüyümüzə, xüsusən bu teatrın  səhnəsində özünün səadətini tapanların necə böyük ürəyə sahib olduğuna heyrətlənirəm.  Öz yurdunda didərginlik, cəmi bir neçə kilometrlik məsafəyə həsrətlə keçən ömür, vallah, ömür deyildi. Bu teatrın binası kimi sakinləri də əzablara, ağrılara məruz qaldılar.  1993-cü ildə torpaqlarımız işğal edildikdən sonra kollektivin üzvlərindən bir çoxu müxtəlif şəhər və rayonlarda yaşamağa məcbur oldu. Bir neçəsi, ümumiyyətlə, bu sənəti tərk etdi. Beləliklə, teatrın əsas kadr kontingenti dağıldı. Amma teatr yaşamalı, öz missiyasını davam etdirməli idi.

Doxsanıncı illərdən sonra teatra istedadlı gənclər gəlməyə başladılar. Həmin illərdə teatrımız Bərdə şəhərində çox çətin şəraitli binada fəaliyyət göstərirdi. Sonradan teatr növbəti köçünü yaşadı və bu dəfə doğma Ağdamda, Quzanlı qəsəbəsində fəaliyyətini davam etdirməyə başladı. Əsaslı təmir edilmiş Quzanlı qəsəbə Mədəniyyət sarayı teatra verildi. Bununla teatr özünün yeni dövrünə qədəm qoydu, yaradıcılıq həyatına qayıtdı.

İstər atəşkəs dövründə, istərsə də tarixi Qələbəmizdən sonra da daim səngərləri səhnə bilmişik və yorulmadan igid əsgərlərimiz qarşısında çıxışlar etmişik. Bu gün qürurla deməliyəm ki, hər ayın iki gününü “Hərbçilər günü” elan etmişik və müdafiə nazirinin müvafiq əmri ilə həmin günlərdə qəhrəman Vətən oğulları qarşısında çıxışlar edirik.

Bu gün işğaldan azad olunmuş məkanda, ilk səhnəmizin yerində olmağın səadətini yaşayaraq ən qısa zamanda məhz burada ilk tamaşamızı oynamaq arzusundayıq.

 

Direktor teatrda iki yeni tamaşanın hazırlandığını dedi. Sahib İbrahimlinin “Xeyrullanın  toyu” tamaşasına baş rejissor Kərim Həsənli, Nikolay Nekrasovun “Sələmçi” əsərinə isə rejissor Səbuhi Əhmədov quruluş verir.

 

Əksər bölgə teatrları kimi, Ağdam səhnəsi də ixtisaslı aktyor kadrları sarıdan çətinlik çəkir. Problemin necə həll edilməsi və ümumən gənclərin teatra marağının bərpa olunması barəsində teatr direktorunun fikirlərini eşitmək maraqlı idi.

– Bir çoxumuzun ağrılı yerinə çevrilib bu kadr məsələsi. İncəsənət, aktyorluq üzrə təhsil alanlar olsa da, onlar gedirlər və elə Bakıda qalırlar. Görünür, onlar istəyən şərait yoxdur. Əvvəllər bu məsələlər yəqin fərqli həll olunurmuş. Qeyd etdiyim kimi, müharibəyə, işğala qədər bizim güclü kadr potensialımız olub, böyük əksəriyyəti də aktyor təhsilli. Amma köçkünlük vaxtı onların da sırası seyrəldi, hərə bir yana düşdü.  Əvvəllər teatrların nəzdində studiyalar var idi və oradan çıxanlar elə peşəkar səviyyəsində idi. İndi o studiyalara can atan gənclər də azdır. İnanın, Tərtərdə incəsənət sahəsində təhsilli gəncin olduğunu eşidib, arxasınca getmişəm, teatra cəlb etmək üçün xeyli dil tökmüşəm. Amma nə edim ki, gəlmək istəmirlər. İndiki quruluşçu rejissorumuzu da o cür soraqlayıb tapmışam, işləmək üçün şərait yaratmışıq. Təbii ki, imkan daxilində. Özünüz də gördüyünüz kimi, hazırda da elə köçkün vəziyyətindəyik. Amma bütün bunlar bizi işimizdən soyutmur, əksinə, daha da mübariz edir.

 

Yerli icra orqanının teatra münasibətinə gəlincə, həmsöhbətim bu mənada da müəyyən çətinliklərin olduğunu dedi.

 

– Bu  məsələyə xüsusilə həssaslıqla yanaşmağa çalışan rayon rəhbərliyi olsa da, biz hər saat onların qapısını döyə bilmirik. Deyim niyə? Ağdam minlərlə şəhid verən rayondur, həssas qrupdan olan, xüsusi diqqətə ehtiyac duyan minlərlə sakini var. İnanın, qəbul günlərində gedəndə o qədər problemləri eşidirəm ki, durub şəhid ailəsinin önündə “Teatrımızın bu məsələsini həll edin” deməyə çəkinirəm. İcra Hakimiyyəti də müəyyən mənada dəstək olmağa çalışır, heç olmasa, rübdə bir dəfə də olsa, tamaşamızı alırlar.

 

Söhbəti nikbin ruhda bitirmək və məğrur sütunların qarşısında ümidlə dayanan heyəti ruhlandırmaq üçün bir az uca səslə soruşuram: “Dostlar, burada ilk olaraq hansı tamaşanı oynamaq istəyərdiniz?”.

Eşitdiyim cavabları yaddaş dəftərimə qeyd edib, məhz burada baş tutacaq ilk premyeranı yazacağım vədi ilə Ağdam teatrının tarixi “səhnə”sindən endim...

Həmidə NİZAMİQIZI