Dekabrın 3-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Mədəniyyət mirası: ortaq keçmiş və ortaq gələcək” layihəsinin təqdimatı keçirildi. İstanbul Beynəlxalq Mədəniyyət Araşdırmaları Dərnəyi və Bakıdakı Yunus Əmrə İnstitutunun təşkil etdiyi layihə Türk-İslam sivilizasiyasının zəngin və seçkin nümunələrini dünyaya tanıtmaq məqsədi daşıyır.
Qonaqlar əvvəlcə BMM-in foyesində bəşəriyyətin ortaq mədəni mirasına həsr edilən sərgi ilə tanış olublar.
Tədbirin açılışında çıxış edən Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə bildirdi ki, mədəniyyət hər bir xalqın bioqrafiyasıdır. Mədəniyyət insanın həyatına və şüuruna bağlı olan anlayışdır: “Biz mədəniyyəti yalnız insan şüurundan ala bilərik. Bir az əvvəl mərkəzin foyesində təşkil olunan sərgini seyr etdiyimiz zaman bəşəriyyətin inkişaf tarixini gördük. Eyni zamanda mədəniyyətlərin inkişaf etdiyi mühitləri görə bildik. Tarixi, mədəniyyəti bilmədən gələcəyi yaratmaq mümkün deyil. İnsanlar öz kimliyini, dəyərlərini və tarixini, eləcə də dünyada var olmalarının səbəblərini bilməlidir. Onlar bu səbəbləri unutduqları zaman müharibələr baş verir”.
Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” qlobal kampaniyası haqqında danışan Vasif Eyvazzadə dekabrın 2-də Bakıda bu kampaniyanın Tərəfdaşlıq Forumunun keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, uzun illərdir beynəlxalq təşkilatlar sülh mədəniyyəti ideyasını inkişaf etdirirlər: “Ancaq Azərbaycan hökuməti 44 günlük Vətən müharibəsindən sonra mədəniyyəti inkişaf etdirmək üçün sülhün vacib olduğunu ideya kimi irəli sürdü. Bugünkü tədbirin təşkilatçıları “iki dövlət, bir millət” olan qardaş ölkələrin nümayəndələridir. İdeya da bu xalqın kökündə olan sülhpərvərlik və dünya mədəniyyətinə açıqlığı nümayiş etdirir”.
Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç layihənin ilk dəfə Azərbaycanda təqdim olunmasının əhəmiyyətini vurğuladı. Bildirdi ki, bu layihə ilə türk sivilizasiyasının zəngin və seçkin nümunələrini bütün dünyaya tanıtmaq və bu yolla özümüzü müasir dünyaya təqdim etmək niyyətindəyik.
Sonra proqram “Mədəniyyət şüuru” mövzusunda panellə davam etdi. Paneldə professor Bekir Karlığa, Türkiyə Böyük Millət Məclisinin üzvü, professor Celal Erbay və Beynəlxalq Mədəniyyət Araşdırmaları Dərnəyinin sədri Ahmet Selamet çıxış edərək fikir və düşüncələrini bölüşdülər.
Panel iclasdan sonra “Sivilizasiya alimi Biruni” sənədli filmi nümayiş etdirildi. Film Şərq dünyasının böyük təfəkkür sahibi, ensiklopediyaçı alim Əbu Reyhan əl-Biruninin (973-1048) həyat və fəaliyyətinə həsr olunub.
Bir il davam edəcək “Mədəniyyət mirası: ortaq keçmiş və ortaq gələcək” layihəsinin ölkəmizdən sonra Mərakeş, İran, Qazaxıstan, Özbəkistan, Rusiya və ABŞ-da təqdimatı keçiriləcək. Proqramın bağlanışının Fransanın paytaxtı Parisdə keçirilməsi planlaşdırılır.
LALƏ