BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO, ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər təşkil olunub.

Forumda iştirak edən xarici nümayəndələr Şuşanın tarixi-mədəni irsi, 30 ilə yaxın davam etmiş erməni işğalı dövründə dağıdılıb talan edilmiş tikililər, vandalizmə məruz qalmış abidələr, məscidlər, eləcə də Şuşanın işğaldan azad edilməsindən sonra başlanan işlərlə tanış olublar.

Qonaqlar Cıdır düzünü, Molla Pənah Vaqifin bərpa edilmiş məqbərəsini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, “güllələnmiş abidələri” – Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın və Bülbülün erməni vandalizminə məruz qalmış büstlərini, Şuşa qalasını və Qazançı kilsəsini ziyarət ediblər.

Səfər iştirakçılarına Şuşa şəhərində aparılan quruculuq və bərpa işləri ilə bağlı həyata keçirilən layihə və tədbirlər haqqında geniş məlumat verilib.

Qeyd edək ki, “Mədəniyyət naminə sülh” qlobal kampaniyası cari ilin iyun ayında BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə Azərbaycan Hökuməti tərəfindən irəli sürülüb və mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır.