Macarıstan və Azərbaycan musiqiçiləri filarmoniyada bir səhnəni bölüşəcəklər

 

Hər il Yeni il ərəfəsində Macarıstanın Azərbaycandakı Səfirliyi, “Nargis” fondu və eyniadlı jurnalın birgə təşkilatçılığı ilə xeyriyyə konsert və yarmarkası keçirilir. Builki xeyriyyə tədbiri dekabrın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq.

Ənənəvi xeyriyyə layihəsi iki dost ölkənin zəngin mədəniyyətlərini bir səhnədə birləşdirir. Konsertdə Pal İstvan Bandın (skripka) bədii rəhbərliyində Macarıstan Dövlət Xalq Ansamblı Xalq artisti, pianoçu Murad Hüseynovla səhnəni bölüşəcək.

Müxtəlif beynəlxalq və yerli müsabiqələrin laureatı olan macar musiqiçi Karpat bölgəsinin (Mərkəzi Avropada dağ silsiləsi) qədim mədəniyyətini folklor ansamblının repertuarında yaşadır. Macarıstan Dövlət Xalq Ansamblı Avropanın məşhur festivallarına qatılır, konsert proqramları ilə çıxışlar edir.

Builki Bakı konsertində tamaşaçıları klassik və folklor musiqi, rəqslər və bol əyləncə gözləyir. Ən önəmlisi isə, bu tədbirə qoşulmaqla xeyriyyə aksiyasına dəstək vermə olar. Xeyriyyə yarmarkasından əldə olunan bütün gəlir Elmi Тədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa-Müalicə Mərkəzinə təqdim olunacaq.

Xeyriyyə konserti və yarmarkası “MOL Group” şirkətinin dəstəyi ilə keçiriləcək. Qeyd edək ki, şirkət baş ofisi Macarıstanın paytaxtı Budapeştdə yerləşən, Mərkəzi və Şərqi Avropanın aparıcı inteqrasiya olunmuş neft və qaz korporasiyasıdır. 2019-cu ildə "MOL Group" Azəri-Çıraq-Günəşli neft yatağında səhmlərin 9.57% və xam nefti Aralıq dənizinin Ceyhan limanına nəql edən Bakı-Tbilisi-Ceyhan boru kəmərində 8.9% pay almaqla Azərbaycan bazarına daxil olub.

Biletləri paytaxtımızın kassalarından və iTicket.az saytından əldə edə etmək mümkündür. Ətraflı məlumat üçün “Nargis” fondu və jurnalı, Macarıstanın Azərbaycandakı səfirliyi ilə (99412) 404 23 03, (99412) 404 23 13) əlaqə saxlaya bilərsiniz.

LALƏ