“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə nəşr olunmuş “Dədə Ələsgər” kitabının təqdimatı keçirilib.
Yeni nəşr Milli Məclisin Mədəniyyət komitəsi, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” və “Nəfəs” ictimai birliklərinin dəstəyi ilə ərsəyə gəlib.
Tədbirin aparıcısı, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı qüdrətli söz ustadının 200 illik yubileyi münasibəti ölkə başçısının müvafiq sərəncamının əhəmiyyətindən söz açıb, bununla əlaqədar keçirilən tədbirlər haqqında danışıb.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Aşıq Ələsgər yaradıcılığı, şəxsiyyəti haqqında məruzə ilə çıxış edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib ki, Qarabağ və Şərqi Zəngəzurda 30 illik işğal dönəmində ermənilər ciddi vandallıq əməlləri törətdiyi kimi, Göyçədə də Aşıq Ələsgərin məzarı ilə öz xislətləri üzrə davranıblar.
Qənirə Paşayeva bildirib ki, Aşıq Ələsgər Göyçədən Türk dünyasına doğan sənət günəşi idi. Onun yaradıcılığı sənətkarın insanlığa, hadisələrə, dünyaya baxışını aydın şəkildə göstərir.
Digər çıxışlarda Aşıq Ələsgər irsi Azərbaycan mədəniyyəti tarixi üçün xüsusi hadisələrdən biri kimi dəyərləndirilib, şeirlərindən örnəklər səsləndirilib.
Sonda “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, sənətkarın nəticəsi Xətai Ələsgər çıxış edərək, bir ildə Aşıq Ələsgər haqqında iki sərəncam verən dövlət başçısına, aşıq sənətinin təbliği işinə yerli və beynəlxalq səviyyədə xüsusi dəstək göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, təqdim olunan yeni nəşr Aşıq Ələsgərin nəvəsi, mərhum filoloq alim İslam Ələsgərin vaxtilə saz-söz ustadının əsərlərini toplayıb çap etdirdiyi kitab əsasında hazırlanıb. Layihənin rəhbəri və ön söz müəllifi Qənirə Paşayevadır.