Professor Əziz Sancar: “Gənclərimizin elmi fəaliyyətini ölkələrimizdə davam etdirməsini istəyiriksə, onlara bütün imkan və şəraiti yaratmalıyıq”

 

ABŞ-ın Şimali Karolina Universiteti Biokimya və biofizika fakültəsinin professoru, kimya üzrə Nobel mükafatı laureatı, böyük türk alimi Əziz Sancar bu günlərdə UNEC-də təşkil olunan İqtisadi Forumda iştirak etmək üçün Bakıda səfərdə oldu. Dünya şöhrətli alimlə görüşüb həmsöhbət olduq.

 

– Dəyərli hocamız, Mardində səkkiz uşaqlı ailədə doğulmusunuz. O illərə qayıdaq...

– Doğrudur. Fermer ailəsində doğulmuşam. Səkkiz bacı-qardaş idik. Bağçamız, tarlamız vardı. Günümüz orada keçərdi. Çox kasıb deyildik, amma ibtidai siniflərdə oxuyanda ayaqqabını ancaq məktəbə geyinərdik. Anam Atatürk sevdalısı olduğu üçün hamımızın təhsil almasından ötrü əlindən gələni etdi. Bacılarımsa yalnız ibtidai təhsil ala bildilər.

 

– Deyəsən, futbolçu olmaq istəmisiniz...

– Bəli. Çox yaxşı qapıçı idim. Mardində həvəskar futbol komandalarında oynayırdım. Bir gün bizim aramızdan peşəkar komandaya oyunçular seçməyə gəlmişdilər. Boyum kifayət qədər hündür olmadığı üçün növbəti mərhələyə keçə bilmədim.

 

– Və elm sahəsində ən uca zirvəyə çatdınız... Nobel mükafatını aldığınızı öyrənəndə bu sevinci ilk kiminlə paylaşmaq istədiniz?

– Həyat yoldaşımla. Doğrudur, o məndən öncə artıq bilirdi. Amma Türkiyədəki doğmalarıma zəng etmədim. Çünki ağlayacaqlarını, sevincdən həyəcanlanacaqlarını bilirdim. Odur ki, xəbəri vermək üçün bir neçə gün gözlədim. Ən əsası isə 96 yaşlı müəllimimlə əlaqə saxladım. İnanın, çox xoşbəxt oldu.

 

– Bu gün istər azərbaycanlı, istərsə də türkiyəli gənclərimiz təhsil almaq üçün Avropaya, Amerikaya üz tutur. Lakin çox vaxt Vətənə dönmür, elmi fəaliyyətlərini qürbətdə davam etdirirlər. Sizcə, onları geri qaytarmağın uğurlu formulu varmı?

– Azərbaycandakı mövcud akademik vəziyyətdən xəbərsizəm. Lakin mən Amerikada təhsilimi tamamlayıb, geri dönmək istəyirdim. Bir neçə seçim arasında Diyarbəkir Universiteti üzərində dayandım. Çünki Mardinə çox yaxın idi. Müəllimlərdən məsləhət aldım. Öyrəndim ki, bütövlükdə Tibb fakültəsinin büdcəsi mənim Amerikadakı laboratoriyamın büdcəsindən azdır. Orada Amerika, Avropa səviyyəsində tədqiqat aparmaq, elm öyrətmək mümkün deyildi. Övladlarımızın elmi fəaliyyətlərini ölkələrimizdə davam etdirmələrini istəyiriksə, onlara bütün imkan və şəraiti yaratmalıyıq. Türkiyədə xarici ölkələrdən məhsul gətirmək çox çətindir. Bu problemlər aradan qalxmalıdır. Gənc alimlərin heç bir maddi və mənəvi sıxıntısı olmamalıdır.

 

– Qızların təhsilli olması, əmin addımlarla irəliləməsi üçün əlinizdən gələn, hətta gəlməyən hər şeyi etməyə çalışırsınız...

– Qızların oxuması çox önəmlidir. Təhsil qızlara cəsarət verir. Bu, məni çox sevindirir. Sizə maraqlı bir əhvalat danışacam. Türkiyədə idim. Mənimlə mötəbər görüş təşkil olunmuşdu. 8-9 yaşlı qızcığaz hazırladığı layihəni mənə göstərməyə gəlmişdi. Yanımda dörd mühafizəçi vardı. Sən demə, qızı mənə yaxın gəlməyə qoymayıblar. Cüssəli cangüdənlərlə mübahisə etdi. Yenə icazə vermədilər. O, incə əlləri ilə mühafizəçilərə yumruq vurmuşdu (gülürük). Bu, mənim çox xoşuma gəldi. Qızlara cəsarət verə bilirəmsə, elmə sövq edirəmsə, dünyada məndən xoşbəxti yoxdur. Amerikada qurduğumuz fond vasitəsilə oxumaq imkanı olmayan qızlarımızın təhsil haqqını ödəyirik. Hazırda yanımda üç tələbəm var, üçü də qızdır.

 

– Nə gözəl. Qızlarımızın təhsilinə göstərdiyiniz doğmalıq həm də illər boyu Amerikada yaşamağınıza rəğmən dilinizə, adətlərinizə də olan sədaqətinizdən xəbər verir. Qürbətdə günləriniz necə keçir?

 

“Heç vaxt Amerikada özümü evimdəki kimi hiss etməmişəm”

 

– Açıq deyəcəm. Heç vaxt Amerikada özümü evimdəki kimi hiss etməmişəm. Doğrudur, həyatımın böyük hissəsi laboratoriyada keçir. Amma ailə, millət ali məfhumdur. Onun yoxluğunu daim hiss edirəm. Mədəniyyət, din, dil fərqimiz var. Bizim haqqımızda heç nə bilmirlər. Xanımım amerikalıdır. Onunla tanış olanda türk olduğumu söylədim. İlk sualı bu oldu: “Türklər farsca danışırlar, yoxsa ərəbcə?”. Amma indi sizdən, məndən daha çox türkdür.

 

– XXI əsrdə, elmin texnologiyanın bu qədər inkişaf etdiyi dövrdə pandemiya bəlasına çarə tapa bilmirik. Yəni bir yandan tərəqqi, digər tərəfdən tənəzzül...

– “Pandemiya” sözünü eşitməkdən bezmişik. Bir gün universitetimizin rektorundan əmr gəldi ki, bütün laboratoriyalar bağlanmalıdır. Təkcə elmi rəhbərlər gələ bilərlər. Assistentlərim olmadan, tək laboratoriyada nə edəcəm. Bir il ərzində belə davam etdi. Hamımız depressiyada idik. Hətta intihar edən əməkdaşlarımız da oldu. Xüsusən də türk tələbə qızlarımız Amerikada universitetlərin yataqxanalarında qalırlar. Tanışları, dostları yoxdur. Ailələrindən çox uzaqdadırlar. Amma indi şərtlər bir qədər yumşalıb.

 

– Ümid edək ki, ən çətin günlərimiz geridə qaldı. Gələcəyin insanını necə təsəvvür edirsiniz?

– Dəyişiklik görmürəm. Bunu çox yerdə söyləmirəm. 40 ildir Amerikada yaşayıram, çox yaxşı dostlarım var. Amma Amerikanın İraq, Suriya, yaxud Əfqanıstanda törətdiyi təxribatları görürsünüz. Bunu görüb “insanlıq doğru yoldadır”, “hər şey yaxşı olacaq” deyə bilmərik. Elə ermənilərin Qarabağda törətdiklərini götürək. Biz onlarla tarixən dost olmağa cəhd etmişik. Lakin onlar bizi istəmirlər. Atalarının atasının inandırdıqları yalanlara inanıblar.

 

– DNT-ləri dəyişə bilmərik?

– (gülür) Allah dəyişdirsin. Bizim qüvvəmiz çatmır.

 

– Hocam, Azərbaycana səfəriniz haqda da təəssüratınızı öyrənmək istərdim.

– Azərbaycan mənim vətənimdir. Bunu hər yerdə deyirəm. Dəvət üçün təşkilatçılara dərin minnətdarlığımı bildirirəm. Şuşada oldum, Allaha şükrümü ifadə etmək üçün iki rükət namaz da qıldım. Bundan böyük xoşbəxtlik yoxdur.

Leyla SARABİ