Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın bir qrup üzvü ilə görüşüb.
İctimai şuranın sədri Gəray Əlibəyov, sədr müavini Şahin Qədirov, şura üzvü Samirə Mustafayeva mədəniyyət sahəsində müşahidə olunan müxtəlif məsələlər – uğurlar, problemlər və mədəniyyət işçilərinin, incəsənət xadimlərinin qayğıları, təşəbbüs və təklifləri ilə bağlı fikirlərini bölüşüblər.
Komitə sədri Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərdən sonra ilk dəfə belə bir görüşün keçirildiyini, gələcəkdə belə fikir mübadilələrini müntəzəm şəkildə aparmağın faydalı olacağını bildirib. Şura üzvlərinə yaradıcılıqda və təşkilati fəaliyyətdə uğurlar arzulayan Q.Paşayeva yaxın vaxtda Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi və İctimai Şuranın iştirakı ilə birgə toplantı keçirməyi təklif edib.
Komitə sədri şura üzvlərinə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.