Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Qətərə səfər edib.

Dekabrın 5-də Azərbaycanın Qətər Dövlətindəki Səfirliyi və Qətər Milli Kitabxanasının (QMK) birgə təşkilatçılığı ilə paytaxt Dohada Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə QMK-nin rəhbəri, Qətərin Baş nazirinin müavini rütbəsində dövlət naziri Həməd bin Əbdüləziz əl-Kavari, Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və fəlsəfə doktoru, Fəlsəfə və Sosiologiya Akademiyasının təsisçisi Mail Yaqub çıxış ediblər.

Həməd əl-Kavari bildirib ki, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr son dövrlərdə xeyli inkişaf edib. Dövlət naziri dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyini Qətərdə qeyd etməkdən məmnun olduqlarını ifadə edib, bu kimi mədəni tədbirlərin digər sahələrdə də ikitərəfli münasibətlərin inkişafı üçün körpü rolu oynadığını vurğulayıb.

Humanizm, gözəllik, sevgi, gender məsələləri və mehriban qonşuluq kimi mövzuların Nizami Gəncəvinin yaradıcılığında başlıca yer tutduğunu diqqətə çatdıran Elnur Əliyev qeyd edib ki, dahi mütəfəkkirin yaşadığı dövrdə dünyanın bir çox bölgələrində zorakılıq geniş yayılsa da, Nizami Gəncəvi yaradıcılığı sülh, ədalət, sevgi və şəxsi inkişaf kimi mövzuları tərənnüm edib. Nizaminin “Xəmsə”si regionumuzun hüdudlarından çox uzaqlarda belə şöhrət taparaq dərindən araşdırılıb və bir çox şairlərin yaradıcılığında iz qoyub.

Nazirin birinci müavini dahi şairimizin 880 illik yubileyinin Qətərdə qeyd olunmasına görə təşəkkürünü ifadə edərək, gələcək illərdə mədəniyyət sahəsində birgə səylərin daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Çıxışlardan sonra iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafına və Nizami irsinin tədqiqinə töhfə olaraq, Həməd əl-Kavari Nizami Gəncəvinin poemalarının Qətər Milli Kitabxanasında saxlanılan qədim əlyazmaları və miniatürlərinin elektron nüsxələrini Elnur Əliyevə təqdim edib.

Tədbir zamanı həmçinin sözügedən əlyazmaların orijinal nüsxələri tədbir iştirakçıları üçün sərgilənib.

Daha sonra fəlsəfə doktoru Mail Yaqub Nizami Gəncəvi yaradıcılığında kamil insan və onun xüsusiyyətləri mövzusunda çıxış edib.

Qeyd edək ki, səfər çərçivəsində Elnur Əliyev Qətərin dövlət naziri Həməd bin Əbdüləziz əl-Kavari ilə görüş keçirib. Mədəniyyət nazirinin birinci müavini Qətər Milli Kitabxanasının fəaliyyəti ilə də tanış olub, yerli televiziyaya müsahibə verib.