Azərbaycan İstiqlal Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsinin anılması və vətənpərvərliyin təbliği məqsədilə həyata keçirilən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə davam edir. Layihə çərçivəsində “Mübarizlər” adlı növbəti tədbir-sərgi keçirilib.
Tədbirdə şəhid ailələri və qazilər, 13 nömrəli Bakı Dövlət Peşə məktəbinin şagirdləri, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri iştirak ediblər.
Muzeydən verilən məlumata görə, şəhidlərin ailə üzvləri çıxış edərək 44 günlük müharibədə Vətənini, torpağını canından çox sevən, tək amalı onu qorumaq olan və məhz bu yolda ən ali məqama – şəhidlik zirvəsinə yüksələn qəhrəmanlardan bəhs ediblər.
Sonra tədbir iştirakçıları Vətən müharibəsi şəhidləri – kapitan Elçin İsmayılov, əsgərlər Mirsüleyman Süleymanov, Cavid Həsənov, Mürsəl Kazımlı və İqbal Babayevə həsr olunan sərgi ilə tanış olublar. Sərgidə şəhidlərin şəxsi əşyaları və fotoşəkilləri yer alıb.
İstiqlal Muzeyində növbəti sərgi dekabrın 8-dək davam edəcək.