Dekabrın 7-də Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müvəqqəti qərar verib.

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək davam edən dinləmələrdən sonra verilib.

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı verdiyi bu qərarı alqışlayır və Ermənistanı Məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırır.

“Məhkəmənin Ermənistan tərəfindən tələb edilən müvəqqəti tədbirlər ilə bağlı qərarına gəldikdə, vurğulamaq istərdik ki, Ermənistan tərəfindən qaldırılan saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılmasına, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlər Məhkəmə tərəfindən rədd edilib.

Azərbaycan Məhkəmənin irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərə əməl edəcək. Azərbaycan beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqdir.

Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək”, - deyə Azərbaycan XİN-in açıqlamasında qeyd olunur.