Ölkəmizdə fəaliyyət göstərən aparıcı muzeylərin maddi-texniki bazasının zənginləşdirilməsi diqqətdə saxlanılır. Azərbaycan Milli İncəsənət Muzeyinin Rəngkarlıq fondunun yeni avadanlıqlarla təchiz edilməsi də bu istiqamətdə həyata keçirilən işlərin davamıdır.
Mədəniyyət naziri Anar Kərimov dekabrın 1-də muzey üçün alınan yeni avadanlıqlara baxış keçirib.
Nazirə məlumat verilib ki, Milli İncəsənət Muzeyinin Rəngkarlıq fondunda rəsm əsərlərinin yerləşdirilməsi üçün daha əlverişli, müasir tələblərə cavab verən şərait yaradılıb. Rəsm əsərlərini səliqəli, effektiv və müasir standartlara uyğun şəkildə yerləşdirməklə 55 kvadratmetrlik sahədə xüsusi stellajlar vasitəsilə 225 rəsm əsərinin saxlanılması təmin olunub.
Bildirilib ki, fond avadanlıqları Böyük Britaniyanın məşhur “Rackline” şirkəti tərəfindən təmin edilib. Dünyanın bir sıra aparıcı muzeyləri, o cümlədən Viktoriya və Albert Muzeyi üçün fond avadanlıqları məhz bu şirkət tərəfindən təchiz olunub.