Təsviri incəsənətin “street art” (“küçə sənəti”) üslubunda işləyən braziliyalı rəssam Nina Pandolfonun əsərlər dekabrın 22-də Heydər Əliyev Mərkəzində açılacaq sərgidə təqdim olunacaq.

“Minnətdarlıq” (“Gratitude”) adlı sərgidə müəllifin multikultural dünyanı təqdim edən, etnik baxımdan müxtəlifliyi ilə seçilən qadınlara həsr olunan əsərləri nümayiş etdiriləcək. Ziyarətçilər həm də Nina Pandolfonun qraffiti instalyasiyaları ilə də tanış ola biləcəklər.

Müəllif hesab edir ki, minnətdarlıq hissi daim ətrafa aşılanmalı və təşviq edilməlidir. Vəziyyətdən asılı olmayaraq, hər zaman minnətdar olmaq üçün səbəb tapmaq mümkündür. Nina Pandolfo onda ən güclü minnətdarlıq hissinin məhz yaradıcılıq zamanı yarandığını söyləyir.

Sərgiyə çıxarılacaq əsərlərdəki qadın obrazları geniş açılmış gözlərlə təsvir ediliblər. Bununla da müəllif bizi əhatə edən multikultural dünyanın seyr edilməsinin və buna minnətdarlıqla yanaşılmasının vacibliyini vurğulayır.

Nina Pandolfo 1977-ci ildə Braziliyada anadan olub. Karlos de Kampos adına Dövlət Texniki Məktəbində vizual kommunikasiya üzrə təhsil alıb.  90-cı illərdə əl işləri ilə San-Paulu küçələrini bəzəməyə başlayan rəssam Braziliya qraffiti sənətinin tanınmış nümayəndəsinə çevrilir. O, həmçinin Avropanın bir sıra ölkələrinin və Amerika Birləşmiş Ştatlarının sənət qalereyalarında keçirilən sərgilərdə iştirak edib.

2007-ci ildə Pandolfo Şotlandiyanın 8 əsr yaşı olan Kelburn qəsrinin fasad və qülləsini boyamaq üçün Braziliyanın tanınmış küçə rəssamları ilə əməkdaşlıq edir. Bu uğurlu layihə 2011-ci ilin “Top-10 küçə sənəti nümunələri” siyahısına daxil edilir.

Heydər Əliyev Mərkəzində təşkil ediləcək “Minnətdarlıq” sərgisi 2022-ci il iyunun 19-dək davam edəcək.