Dekabrın 8-də Bakıdakı Rus evində (RİMM) Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasının 30 illiyinə həsr edilmiş fotosərgi açılıb.

Tədbirdə MDB ölkələrinin diplomatik korpusunun nümayəndələri, mədəniyyət və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov tədbirdə çıxış edib. 30 il ərzində MDB-nin təşkilat olaraq keçdiyi yoldan bəhs edən diplomat  deyib: “Şadıq ki, müstəqil olmaq və birlikdə yaşamaq imkanımız var”.

Sərgi üçün fotolar Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan fotoqrafları və “Rossotrudniçestvo” agentliyinin həmin ölkələrdəki nümayəndəlikləri tərəfindən təqdim edilib.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə və müəllimlərinin ifasında konsert proqramı da təqdim olunub. Azərbaycan və xarici ölkələrin klassiklərinin əsərləri səslənib.