Azərbaycanın Qırğızıstandakı Səfirliyinin, TÜRKSOY-un və “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Bişkek şəhərində Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunan tədbir keçirilib.
“Manas” və Çingiz Aytmatov Milli Akademiyasında təşkil olunan tədbirdə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlanbek Kalıbekov, “Manas” və Çingiz Aytmatov Milli Akademiyasının prezidenti Topçubek Tuqunalıyev çıxış ediblər.
Əvvəlcə Azərbaycanın Xalq artisti, kinorejissor Eldar Quliyevin “Nizami” bədii filmi nümayiş olunub.
Lətif Qəndilov Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş söhbət açıb. Bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin əməli ifadəsidir.
Səfir əlavə edib ki, zəngin yaradıcılığında qüdrətli söz və fikir ustadı insanları xeyirxahlığa, mərhəmətə, düzlüyə, ədalətə səsləyir, Allahı, Vətəni sevməyi öyrədir, gözəlliyi tərənnüm edir. Mənəvi dəyərlər şairin həyat və yaradıcılığının əsas məğzidir. Bu gün gender bərabərliyi haqqında çox danışılır. Amma hələ XII əsrdə dövləti idarə edən müdrik qadın obrazları Nizami əsərlərinin qəhrəmanlarına çevriliblər. Səfir qeyd edib ki, Şekspir Nizamini bütün dövrlərin və xalqların yeddi ən dahi şairi sırasına salıb. “Leyli və Məcnun” poeması Romeo və Cülyettanın faciəvi hekayəsindən dörd əsr əvvəl yazılıb.
Tədbir çərçivəsində TÜRKSOY tərəfindən ingilis dilində nəşr olunan “Nizamini oxuyaq” (“Reading Nizami Ganjavi”) kitab-albomunun təqdimatı da keçirilib.
Düsen Kaseinov nəşr barədə məlumat verərək bildirib ki, TÜRKSOY “Nizami Gəncəvi İli”ni geniş şəkildə qeyd edib, sərgilər və konsertlər təşkil olunub.
Tədbirdə çıxış edənlər Nizaminin dünya ədəbiyyatına verdiyi misilsiz töhfələrdən danışıb, onun yaradıcılığının fəlsəfi aspektlərinə toxunublar.
Tədbir zamanı Azərbaycan torpaqlarının azad edilməsi uğrunda aparılan Vətən müharibəsi dövründə həqiqətləri Qırğızıstan ictimaiyyətinə obyektiv çatdıran “Slovo Kirqızıstana” qəzetinin müxbiri Aida Şirinova və Anadolu Agentliyinin bu ölkədəki müxbiri Nazir Əliyev TÜRKSOY tərəfindən təltif ediliblər.
Mərasim səfirliyin və “Azəri” Mədəniyyət Mərkəzinin təşkil etdiyi bədii hissə ilə davam edib. Nizaminin sözlərinə bəstələnmiş mahnılar ifa edilib, şairin şeirlərindən parçalar söylənilib və Azərbaycan rəqsləri təqdim olunub.