Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Xalq artisti Murad Hüseynov ilə Özbəkistan Makom (muğam) Milli İncəsənət Mərkəzinin rəhbəri Saibcan Beqmatov arasında onlayn görüş keçirilib.

Görüşdə BMM-in direktoru mərkəzin fəaliyyəti haqqında məlumat verib, keçirilən konsert, konfrans və təqdimatlar, eləcə də aparılan elmi tədqiqatlardan söz açıb.

Saibcan Beqmatov da öz növbəsində rəhbəri olduğu mədəniyyət ocağının fəaliyyətindən danışıb, həmçinin birgə mədəniyyət layihələrinin, konsertlərin keçirilməsini təklif edib.

Görüş zamanı iki təşkilat arasında qarşılıqlı mədəniyyət mövsümlərinin keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı hər iki xalqın milli musiqisinin təbliği baxımından qarşılıqlı əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Söhbət zamanı həmçinin Azərbaycanın muğam və Özbəkistanın makom sənətinin qarşılıqlı öyrənilməsi və tədqiqi barədə də söhbət aparılıb. Bu sahənin tədqiqatçıları arasında təcrübə mübadiləsi ilə bağlı razılıq əldə olunub. Eyni zamanda xanəndələrlə musiqişünaslar arasında əməkdaşlıq qurulmasının da əhəmiyyəti vurğulanıb.