Sərgidə mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar nümayiş etdiriləcək
   
   Mayın 25-dən 27-dək Bakıda “Horex Azerbaijan 2011” V Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi keçiriləcək. 
   Tədbirin təşkilatçısı “İteca Caspian” şirkətindən qəzetimizə daxil olan məlumatda bildirilir ki, “Horex Azerbaijan 2011” sərgisində Azərbaycan, Almaniya, Rusiya, Türkiyə və Fransa şirkətlərinin mehmanxana və restoranlar üçün avadanlığı - hotellər üçün ətir-gigiyena vasitələri, dizayn və interyerin bəzədilməsi, təhlükəsizliyə nəzarət, mehmanxanalar üçün interaktiv sistemləri, “fast fud” avadanlığı və s. məhsullar nümayiş olunacaq. Sərginin həm daimi iştirakçıları, həm də debütantları var. Fransa şirkətləri ilk dəfə olaraq müasir mətbəx avadanlığı nümayiş etdirəcəklər. Almaniyadan olan şirkətlər isə geniş çeşiddə məhsullar, o cümlədən qida plyonkası, çörək və bulka məmulatları üçün sərgi kağızı, zibil və ərzaq tullantıları üçün torbalar, habelə mehmanxana, restoran və kafelər üçün nəzərdə tutulmuş bir çox digər nümunələri əhatə edən ekoloji məhsulları təqdim edəcəklər.
   Yubiley sərgisi ilə əlaqədar təşkilatçılar xüsusi proqram da hazırlayıblar. Mayın 26-da İsveçrənin interyer üzrə aparıcı memar və dizaynerlərindən biri tərəfindən master-klass keçiriləcək.
   Budəfəki “Horex” sərgisinin Azərbaycanda “Turizm ili”nə təsadüf etməsi xüsusilə əlamətdardır. Çünki bu il təkcə Bakıda 5 beşulduzlu mehmanxana açılacaq və ölkədəki mehmanxanaların ümumi sayı 500-ə çatacaq.
   Xəzəryanı regionda mehmanxana sektorunun yeganə ixtisaslaşmış tədbiri olan “Horex Azerbaijan” sərgisi bu sahə üzrə ən müxtəlif məhsullar təqdim edən şirkətləri bir yerə toplayır. Sərgi mehmanxana sektorunun dünya standartlarına və ən son bazar tələblərinə uyğun olan yenilikləri təqdim etməklə, danışıqlar aparmaq və qarşılıqlı faydalı müqavilələr imzalamaq üçün şərait yaradan B2C (müəssisə və istehlakçı arasında qarşılıqlı münasibətlər) və B2B (müəssisələr arasında qarşılıqlı münasibətlər) formasında ən yaxşı əməkdaşlıq meydançasına çevriləcək.
   Qeyd edək ki, sərgi Bakı Sərgi Mərkəzində keçiriləcək.
   

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar