Dekabrın 17-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi şagirdlərinin konserti keçiriləcək.

Respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Cəmil Sədizadə (piano), respublika və beynəlxalq müsabiqələr laureatı Əbdüləli Hüseynlinin (piano) iştirakı ilə gerçəkləşəcək musiqi axşamı “Fortepiano dueti” adlanır.

44 günlük Vətən müharibəsində Zəfərimizin ildönümünə həsr olunan konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndiriləcək. Gecədə həmçinin şanlı Qələbəmizə həsr olunmuş videoçarx nümayiş olunacaq.

Qeyd edək ki, Cəmil Sədizadə hazırda Bakı şəhəri Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbində (8-ci sinif) təhsil alır. Bir sıra beynəlxalq müsabiqələrdə uğur qazanan 13 yaşlı pianoçu bu ilin mayında İsraildə keçirilən “The 5th Scherzo İnternational Piano Competition Tel Aviv” müsabiqəsində 2-ci yeri tutaraq laureat adını qazanıb.

Əbdüləli Hüseynli də 15 nömrəli onbirillik Musiqi məktəbinin (9 sinif) şagirdidir. O, bu ilin fevralında Moskva Şəhər Mədəniyyət Departamenti və Qara Qarayev adına Moskva şəhər 75 nömrəli Uşaq musiqi məktəbinin təsisçiliyi və təşkilati dəstəyi ilə keçirilən onlayn müsabiqədə baş mükafata – “Qran pri”yə layiq görülüb.

Hər iki pianoçunun müəllimi Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədovadır.