Dekabrın 13-də Heydər Əliyev Sarayında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin “Planet parni iz Baku” KVN teatrının kollektivi ilə görüşü keçirildi. Görüş kollektivin 20 illik yubileyi münasibətilə təşkil olunmuşdu.
Kollektivi salamlayan Elnur Əliyev əlamətdar yubileylə bağlı mədəniyyət naziri Anar Kərimovun təbriklərini çatdırdı, uğurlar arzuladı.
Mədəniyyət Nazirliyinin qarşıya qoyduğu məqsəd və vəzifələrdən söz açan Elnur Əliyev yeniliklər barədə danışdı. Bildirdi ki, nazirlik tərəfindən yeni strategiya hazırlanır və bu strategiyanın devizlərindən biri də “İnsan mədəniyyətindən kənarda heç nə etmir, çünki insanı insan edən onun mədəniyyətidir” fikridir: “Bu gün mədəniyyət sahəsində hər kəsin qarşısında milli kimliyimizi qorumaq missiyası dayanır. Unutmamalıyıq ki, hər bir millət öz milli dəyərləri ilə dünya ölkələri arasında seçilə bilir. 44 günlük müharibədən sonra Qələbə qazanan xalqın nümayəndələri olaraq hər birimiz bu zəfərdə mədəniyyət amilinə də diqqət çəkməliyik. Vətənə sevgi mədəniyyəti, vətənpərvərlik mədəniyyəti bizə bu böyük Qələbəni yaşatdı”.
Elnur Əliyev nazirliyin təşəbbüsü ilə həyata keçirilən yeni layihələrdən bəhs etdi. Diqqətə çatdırdı ki, yaxın zamanlarda işğaldan azad edilmiş ərazilərdə, həmçinin hərbi hissələrdə teatr tamaşalarının nümayişi nəzərdə tutulub. Teatr cəmiyyətin aynasıdır. Elə bir cəmiyyət yoxdur ki, orada teatra maraq olmasın. Biz teatr sahəsində yeniliklər tətbiq edərək onun populyarlaşdırılmasına zəmin yaratmalıyıq. Bu mənada yaxın 20 ildə “Planet parni iz Baku” KVN teatrının da cəmiyyət üçün faydası az olmayıb. Teatrın tamaşaları hər zaman böyük maraqla qarşılanıb. Vaxtilə “Parni iz Baku” Şən və Hazırcavablar Klubunun Moskvadakı çıxışları hər azərbaycanlının qəlbini fərəh hissi ilə doldururdu. Daha sonra bu missiya “Planet parni iz Baku” KVN teatrı tərəfindən davam etdirildi.
Nazirin birinci müavini mədəniyyət sahəsində həyata keçirilən islahatlardan da söz açdı, Azərbaycan Film Komissiyasının fəaliyyəti, yaradıcı sənayelərin təbliği baxımından atılan yeni addım və layihələr haqqında məlumat verdi.
Daha sonra Elnur Əliyev kollektivi təbrik edərək 20 illik yubiley münasibətilə Mədəniyyət Nazirliyinin fəxri fərmanını teatrın rəhbəri, Əməkdar artist Tahir İmanova təqdim etdi.
Tahir İmanov Mədəniyyət Nazirliyi tərəfindən göstərilən diqqətə görə minnətdarlığını ifadə etdi. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin onların yaradıcılığına hər zaman diqqətlə yanaşdığını qeyd edən Tahir İmanov bir müddət əvvəl KVN teatrı üzvlərinin “Tərəqqi” medalı ilə təltif olunmasına görə dövlət başçısına təşəkkürünü bildirdi.
O, teatrın yaradılmasında xüsusi xidmətləri olan Anar Məmmədxanovun xatirəsini ehtiramla yad edərək onun ənənələrinin kollektiv tərəfindən məsuliyyətlə davam etdirildiyini dedi. Həmçinin bu illər ərzində hər bir tamaşanın uğurla baş tutmasında köməyini əsirgəməyən Heydər Əliyev Sarayının kollektivinə minnətdarlığını bildirdi.
Əməkdar artist Bəhram Bağırzadə də fəaliyyətlərinə göstərilən diqqətə görə ölkə rəhbərliyinə və Mədəniyyət Nazirliyinə minnətdarlıq etdi.
Sonra görüş gələcək planlar, yeni layihələr ətrafında mövzuların müzakirəsi ilə davam etdi.
***
Görüşdən sonra media nümayəndələrinə müsahibə verən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirdi ki, 20 yaşlı kollektivin teatr məkanında özünəməxsus yeri var. Kollektiv hər zaman azərbaycançılıq ideologiyasına sadiq qalıb. Görüşün əhəmiyyətini yüksək qiymətləndirən Elnur Əliyev dedi ki, nazirlik olaraq məqsədimiz mədəniyyət sahəsini həm peşəkarlar, həm də investorlar üçün mümkün qədər cəlbedici etməkdir: “Ən vacibi isə bu sahənin peşəkarlar üçün cəlbedici olmasıdır. Bununla bağlı planlarımızı bölüşdük. İnanıram ki, gələcəkdə bu görüşün nəticələrini görə biləcəyik”.
LALƏ