Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ölməz ədəbi irsinin tədqiqi və öyrənilməsi, bədii fikir və kəlamlarının alt qatında yatan məna və hikmətlərin düzgün çatdırılması, ilk növbədə, bu sirli söz xəzinəsinin mükəmməl tərcüməsini zəruri edir.

Ötən əsrin ortalarında orijinal mətnə uyğunluqdan çox, əsasən bədiiliyə üstünlük verildiyi sərbəst yanaşmalarla tərcümə edilmiş və bu səbəbdən bir çox hallarda fikir və məna adekvatlığı itirilmiş, təhrif olunmuş bu misilsiz ədəbi irsin yenidən, orijinala uyğun şəkildə tərcümə edilməsi bu gün Azərbaycan ədəbiyyatı qarşısında duran mühüm vəzifələrdəndir.

2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi bu milli-mənəvi sərvətimizin yenidən dəyərləndirilməsinə və aktuallaşdırılmasına təkan verən tarixi addım olaraq məsələnin daha fundamental və şaxəli şəkildə həllinə geniş imkanlar yaradıb.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin beynəlxalq ədəbiyyat layihələri çərçivəsində bu il ədibin “Yeddi gözəl” və “Leyli və Məcnun” poemaları Ukrayna və Gürcüstanda işıq üzü görüb, Nizaminin dahi Azərbaycan şairi olduğunu elmi dəlillər və sənədli faktlarla sübut edən ön sözlərlə ilk dəfə Almaniya, İspaniya kimi ölkələrin nüfuzlu nəşriyyatlarında çap olunub, kitablar beynəlxalq kitab sərgiləri və konfranslarda həmin ölkələrin ədəbi ictimaiyyətinə təqdim edilib.

Dahi şairin 880 illik yubileyinə daha bir töhfə – “Xosrov və Şirin” poemasının ilk dəfə orijinalına kifayət qədər uyğun və adekvat şəkildə, yüksək peşəkar səviyyədə tərcüməsinin ərsəyə gətirilməsi olub.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, Nizami poeziyasının sirlərinə daha dərindən bələd olmaq istəyənlər “Xosrov və Şirin”in yeni, filoloji tərcüməsindən parçaları “Xəzər” jurnalının bu nömrəsindən başlayaraq izləyə bilərlər.

Əsərin fars dilindən sətri tərcümə müəllifi mərkəzin fars dili üzrə mütəxəssisi, tərcüməçi Əli Şükrü, filoloji tərcüməsinin müəllifi tanınmış yazıçı-tərcüməçi Etimad Başkeçiddir.