Azərbaycan

 

17 dekabr 1905 – Xalq şairi Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov; 1905 – 3.7.1990) Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndində anadan olub. “Gətir, oğlum, gətir!” poeması XX əsr Azərbaycan poeziyasının gözəl nümunələrindəndir. Sözlərinə mahnılar yazılıb.

17 dekabr 1924 – Filologiya elmləri doktoru, mətbuat xadimi, Əməkdar jurnalist, professor Şirməmməd Ağaməmməd oğlu Hüseynov (1924 – 24.6.2019) Şəkidə doğulub. Mətbuat tariximizin, Xalq Cümhuriyyətinin, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli irsinin öyrənilməsi və təbliğində böyük xidmətləri var.

17 dekabr 1987 – Tanınmış rəngkar Fərhad İbrahim oğlu Hacıyev (29.8.1929 – 1987) vəfat edib. Azərbaycanda bərpa rəssamlığının əsasını qoyub.

17 dekabr 1993 – Xalq yazıçısı, dramaturq, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimov (28.10.1911 – 1993) vəfat edib. “Gələcək gün”, “Böyük dayaq” romanları,  “Həyat”, “Kəndçi qızı” pyesləri və s. əsərlərin müəllifidir.

 

18 dekabr 1928 – Tanınmış xanəndə Qulu Rüstəm oğlu Əsgərov (1928 – 11.6.1987) Salyan rayonunda doğulub. Muğam və xalq mahnılarının bənzərsiz ifaçısı olub, opera tamaşalarında Məcnun (Ü.Hacıbəyli – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”) və s. rollarda çıxış edib.

18 dekabr 1930 – Tarix elmləri doktoru, professor Süleyman Sərdar oğlu Əliyarlı (1930 – 16.1.2014) Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. “Azərbaycan tarixi üzrə qaynaqlar”, “Azərbaycan türklərinin etnogenezi” və s. əsərlərin müəllifidir.

18 dekabr 1934 – Şair, dramaturq, publisist Teyyub Qurban (Teyyub Yarməmməd oğlu Qurbanov; 1934-2018) anadan olub.

18 dekabr 1957 – Yazıçı, dramaturq, şair Əməkdar incəsənət xadimi Əyyub Cəbrayıl oğlu Abbasov (1905-1957) vəfat edib. Zəngəzur qəzasının Şəki kəndində doğulub. “Zəngəzur” romanı, “Şəfəq”, “Bahar nəğməsi” və s. pyeslərin müəllifidir. Bakı Teatr Məktəbinin direktoru olub.

 

19 dekabr 1921 – Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatı laureatı Mikayıl Hüseyn oğlu Abdullayev (1921 – 21.8.2002) Bakıda anadan olub. “Çəltikçi qızlar”, “İmadəddin Nəsimi” və s. məşhur əsərlərin, “Dədə Qorqud” dastanı, M.Füzulinin “Leyli və Məcnun” poemasının nəşrlərinə illüstrasiyaların, “Nizami” metro stansiyasının bədii tərtibatının müəllifidir. “Hindistan” silsiləsinə görə Cəvahirləl Nehru mükafatına layiq görülüb.

19 dekabr 1947 – Əməkdar incəsənət xadimi, rejissor, dramaturq Rəhman Balarza oğlu Əlizadə (1947 – 16.3.2013) Bakıda doğulub. Gənclər Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor işləyib. 20-dən çox pyesin müəllifidir.

19 dekabr 1950 – Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (1950 – 17.11.2006) anadan olub. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

20 dekabr 1905 – Ədəbiyyatşünas Atababa Daşdəmir oğlu Musaxanlı (1905 – 14.8.1941) Bakıda doğulub. “Kitabi-Dədə Qorqud”un ilk tədqiqatçılarından biridir. Repressiya qurbanı olub.

20 dekabr 1925 – İlk azərbaycanlı qadın – fəlsəfə elmləri doktoru, professor Şükufə Şamil qızı Mirzəyeva (1925 – 9.10.1980) Ağdam rayonunun Gülablı kəndində doğulub. Estetika tarixi və nəzəriyyəsinə dair tədqiqatların müəllifidir.

20 dekabr 1939 – Teatrşünas, sənətşünaslıq namizədi Məmmədşah Qədim oğlu Atayev (1939-2011) anadan olub. Akademik Milli Dram Teatrında truppa müdiri işləyib.

20 dekabr 2014 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə (21.2.1921 – 2014) vəfat edib. “Natəvanın portreti”, “Hüseyn Cavidin aləmi” triptixi və s. tabloların müəllifidir.

 

21 dekabr 1913 – Tanınmış şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov; 1913 – 2.7.1982) Gəncədə doğulub. Bir çox şeirlərinə mahnılar bəstələnib. Rus dilindən ədəbi tərcümələr edib.

21 dekabr 1916 – Yazıçı, Əməkdar incəsənət xadimi Süleyman Vəli oğlu Vəliyev (1916 – 7.3.1996) Bakının Ramana kəndində doğulub. “Mübahisəli şəhər”, “Düyünlər” romanlarının müəllifidir. “Şor cüllütü” povesti əsasında “Qara gölün cəngavərləri” filmi çəkilib.

21 dekabr 1922 – Ədəbiyyatşünas, yazıçı, Əməkdar elm xadimi Kamran Dadaş oğlu Məmmədov (1922 – 6.4.1989) anadan olub.

21 dekabr 1923 – Xalq artisti, tanınmış müğənni Tükəzban Məhərrəm qızı İsmayılova (1923 – 24.3.2008) anadan olub. İfaçılıqla yanaşı, pedaqoji fəaliyyət göstərib.

21 dekabr 1923 – Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadov (1923 – 21.2.1997) Astarada anadan olub. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Akademiyanın vitse-prezidenti (1990-1997), Milli Məclisin deputatı (1995-1997) olub.

21 dekabr 1929 – Mədəniyyət və elm xadimi Zakir Nəriman oğlu Bağırov (1929 – 31.3.1989) Şuşada anadan olub. 1971-1988-ci illərdə Azərbaycan Respublikasının mədəniyyət naziri işləyib, Ali Sovetin deputatı olub.

21 dekabr 1952 – Tanınmış rəssam, şair, tərcüməçi Adil Mirseyid (Adil Mirseyid oğlu Baxışov; 1952-2014) anadan olub.

 

Dünya

 

17 dekabr 1830 – Fransız yazıçısı Jül de Qonkur (Jules de Goncourt; 1830 – 20.6.1870) anadan olub. Yazıçı Edmon de Qonkurun (1822-1896) kiçik qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Qonkur mükafatı onların şərəfinə təsis edilib.

17 dekabr 1893 – Alman teatr rejissoru və nəzəriyyəçisi Ervin Piskator (Erwin Piscator; 1893-1966) anadan olub.

 

18 dekabr 1921 – SSRİ Xalq artisti, aktyor, sirk ustası Yuri Vladimiroviç Nikulin (1921 – 21.8.1997) anadan olub. Çəkildiyi filmlər: “Qafqaz əsiri”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s. Moskva Sirkinə rəhbərlik edib.

 

19 dekabr 1864 – Alman bəstəkarı Adolf Zanberger (Adolf Sandberger; 1864-1943) anadan olub.

19 dekabr 1915 – Fransız müğənnisi və aktrisası Edit Piaf (Edith Piaf – Edith Giovanna Gassion; 1915 – 10.10.1963) anadan olub.

 

20 dekabr 1873 – Türk şairi Mehmet Akif Ersoy (1873 – 27.12.1936) İstanbulda doğulub. Türkiyə Cümhuriyyətinin Dövlət Himninin (“İstiqlal marşı”), “Çanaqqala şəhidlərinə” poetik dastanı, “Haqqın səsləri” şeirlər toplusu və s. əsərlərin müəllifidir.

20 dekabr 1915 – Türk yazıçısı Əziz Nesin (Mehmet Nusret Nesin; 1915 – 6.7.1995) anadan olub. Kitabları bir çox xarici dillərə çevrilib, o cümlədən hələ sovet dövründə Azərbaycanda (“Futbol kralı”, “Taxtalıköydən məktublar” və s.) çap olunub.

 

21 dekabr 1639 – Fransız dramaturqu Jan Rasin (Jean-Baptiste Racine; 1639 –21.4.1699) anadan olub. “İfigeniya”, “Fedra” kimi dramları dünyanın bir çox teatrlarında səhnəyə qoyulub.

21 dekabr 1840 – Türk şairi və yazıçısı, teatr xadimi Namiq Kamal (1840 – 2.12.1888) anadan olub. Əsərləri: “İntibah”, “Cezmi”, “Şah”, “Vətən, yaxud Silistrə” və s.

21 dekabr 1917 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1972) laureatı Henrix Böll (Heinrich Theodor Böll; 1917 – 16.7.1985) anadan olub. Əsərləri: “Saat onun yarısında bilyard”, “Klounun gözü ilə”, “Mələk susurdu”, “Əsgər mirası” və s.

Hazırladı:  Vüqar ORXAN