Onun həyatını, sənət üçün, səhnədə özünü təsdiqləmək üçün keçdiyi çətin, nahamar, maneəli yolları xatırlayanda qəribə duyğular keçirdim. Haqqında internetdə axtarış aparanda rastıma yalnız ölüm faktını təsdiqləyən bir-iki başsağlığı xarakterli cümlə çıxdı. Düzü, bir az duruxdum. Görəsən, o, səhnəni, sənəti seçərkən işıq, şöhrət, dəbdəbəni ummuşdu, yoxsa “sənət fədailəri sevir” deyib özünü bu yola atmışdı...
Əslində, o, geniş tamaşaçı auditoriyasına yaxşı tanışdır. Axı uzun illər dövlət televiziyasının Novruz bayramı şənliklərinin, bu sevimli el bayramı ilə bağlı əksər kütləvi mədəniyyət tədbirlərinin şişpapaq Kosası idi. 40 ildən artıq müddətdə tamaşaçıların sevimli Kosası olub. Bu mənada teatrda olmayanlar, onun heç vaxt oynamadığı baş rolları görməyənlər belə onun Kosasını sevib, alqışlayıb, təqlid edib...
Ziyadxan Azad oğlu Cəbrayılov 1 iyun 1947-ci ildə Şamaxı rayonunun Çaylı kəndində müəllim ailəsində anadan olmuşdu. Dövrünün qabaqcıl ziyalısı olan atası kənd müəllimi kimi ərəb, fars, rus dillərini mükəmməl bilir və ədəbiyyat dərsini tədris edirdi. Poeziyaya, ədəbiyyata, folklora maraq bu ailədə ağırlıq təşkil edirdi. Yəqin gələcək aktyorun yetişməsində bu amil də öz sözünü demişdi.
Qəhrəmanımızın qayğısız uşaqlığı tez bitir, o, 6 yaşında atasını itirir və beləcə, çətinliklə böyüyür. Orta məktəbi bitirdikdən sonra o da təhsil, gələcək uğurlu həyatı üçün paytaxtı seçir. Hərçənd yolunu çoxdan müəyyən etmiş və kənd klubunda, özfəaliyyət qruplarında çıxışlar etmişdi. 1968-ci ildə orta təhsilini başa vurduqdan sonra İncəsənət İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) sənəd verir, amma qəbul oluna bilmir. Hərbi xidmət, dolanışıq üçün paytaxtda müxtəlif işlərdə çalışmaqla özünə gün-güzəran qurmağa çalışsa da, aktyorluq inadından əl çəkmir. Amma növbəti illərdə cəhdləri də uğursuz olur. 1972-74-cü illərdə Mədəni-Maarif Texnikumunda təhsil alır. Həmin illərdə Bakı xalq yaradıcılıq evində “Qaravəlli” xalq teatrında aktyor, rejissor kimi də çalışır. “Bakı özfəaliyyət incəsənəti” festivalında birinci dərəcəli diploma da layiq görülür.
Müəyyən zamanlar (1975-ci ildən) Əbilov adına Mədəniyyət evinin təşviqat briqadasının rəhbəri vəzifəsində çalışır, aktyor kimi də bacarığını əsirgəmir. Klubun üzvləri ilə birlikdə müxtəlif qastrollarda olur. Bu dönəmdə də yaradıcılığı qiymətəndirilən Z.Cəbrayılov III Bakı Teatr Festivalında təltif edilir.
Nəhayət, arzusuna çatır və 1977-ci ildə, yeddinci cəhddə Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra “İrs” folklor ansamblında sənət fəaliyyətinə davam edir. Bu ansamblda Kosa rolunun ifaçısı kimi televiziya çəkilişlərində də efirin bəzəyinə çevrilir.
1986-cı ilədək kollektivin aktyor heyətinin dağılması ilə başqa bir ansamblda – “Gülüstan”da fəaliyyətini davam etdirir. Kollektivin tərkibində Fransa və İsraildə qastrollarda da olur.
Bu kollektivin də dağılmasından sonra mədəniyyət evindəki işinə davam edir, arzusunda olduğu səhnənin od-alovunun hənirini klubun kiçik səhnəsi ilə ovudur. 1990-cı ildə Musiqili Komediya Teatrında aktyor kimi işə götürülür. Bununla da ötən illərin, solan gəncliyin, çoxdan yol almış arzular qatarının arxasınca baxa-baxa teatrdakı işindən dördəlli yapışır. Rolun böyük-kiçiyi, rejissorun kimliyi, əsərin mövzusu, obrazın xarakteri kimi müqayisələri eləmədən ona təklif olunan işlərin öhdəsindən var gücü ilə gəlməyə çalışır. Xalq teatr üslubunu, folkloru, vokal və muğamı yaxşı mənimsədiyindən istənilən xarakterli obraza özünəməxsus çalar qatmağa nail olur.
Vaxtilə onunla tərəf-müqabil olmuş aktyorların təbirincə desək, “improvizəsi heç vaxt havada qalmayıb, tamaşaçını tutub”.
Beləcə, zaman-zaman bu teatrın səhnəsində müxtəlif xarakterli rollar oynayır. Bu sırada “Bəbirlinin kələyi” tamaşasında Nazir, “Subaylarınızdan görəsiniz”də Əbülhəsən, “Baş tutmayan hiylə”də Ağacdələn, Çaqqal, “Özümüz bilərik”də Qəzetçi Səfdər, “Məlikməmmədin nağılı”nda Aşpaz, “Məzəli əhvalat”da Təlxək, “Beşmanatlıq gəlin”də Kar Möhsün, “Hicran”da Həkim, “Nəğməli Könül”də Fərrux kişi, “Bir saat xəlifəlik”də Axund Vali, “Qırmızıpapaq”da Canavar, Meşəbəyi, “Səhnədə məhəbbət”də Cangüdən, Samuray, “Talelər qovuşanda”da Yunis, “Qızıl toy”da Əcnəbi, “92 dəqiqə gülüş”də Polis, “Əlin cibində olsun”da Polis, “Bankir adaxlı”da Zərgər, “Evlənmə”də Jevakin, “Kimyagər”də Molla Salman kimi obrazları qeyd edə bilərik.
Öz üzərində daim çalışan, hər zaman nə isə öyrənməyə çalışan aktyorun həm də gözəl səsi olub. Görkəmli xanəndə Qulu Əsgərovdan dərs almış, üç il onun muğam dərslərinə qatılıb ən mürəkkəb dəsgahları da mənimsəmişdi. Onun zərif səsinin, yaddaqalan tembrinin bir göstəricisi də “İrs” ansamblındakı çıxışının televiziyanın fondunda saxlanılan nümunələridir.
Sənət bioqrafiyasına kinodan da sətirlər yazılıb, son illər ekranlaşdırılan komediya filmlərində rol alıb. Dublyajda da özünü sınayıb, bir sıra filmlərin səsləndirilməsində iştirak edib.
Həmişə səhnəyə, teatra, tamaşaçı önünə şux, gülərüz çıxan aktyor həyat səhnəsindən 30 aprel 2016-cı ildə enib.
Bu yazını hazırlayarkən Ziyadxan Cəbrayılovun oğlu, hazırda onun yolunu davam etdirən Akademik Musiqili Teatrın aktyoru Cəbrayıl Cəbrayılov mənə artıq saralmış kağız parçasına çevrilən bir müsahibəni göstərdi. Oxudum, kövrəldiyim məqamlar da çox oldu. Xüsusən aktyorun “Sənətimə qiymət veriləndə qol-qanad açıram” etirafı. Bir də “Sənət adamı olmaq, səhnədə tamaşaçı ilə canlı ünsiyyətə girmək mənim üçün dünyanın ən müqəddəs işidir. İnanın, dünyaya yüz dəfə də gəlsəydim, yenə də düşünmədən aktyor olardım” nidası.
Onun ilk və yəqin ki, son müsahibəsindən seçdiyim cümlələrlə bitirmək istədim bu yazını. Ki, sonra onu xatırlamaq istəyənlər üçün bələdçi olsun: “Qızım, bu gecə rəhmətlik anamı yuxuda görmüşdüm. Mənə deyirdi ki, səni teatra çağırırlar. Yuxum çin oldu. Ay Allah, məni də yada salan olarmış”...
HƏMİDƏ