Tələbə aktyorların ifasında tamaşa-kompozisiya təqdim olunub
Dünya fikir xəzinəsində öz yeri olan Nizami Gəncəvinin 880 illiyi münasibətilə mədəniyyət, sənət tədbirləri davam edir. Onlardan biri də dekabrın 14-də Azərbaycan Teatr Xadimləri İttifaqında gerçəkləşdi.
Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ), Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Milli Konservatoriyanın təşkilatçılığı ilə baş tutan tədbirdə dahi şairin irsinə, bəşəri dəyərə çevrilən əsərlərinə nəzər salındı, onun bütün zamanlar üçün müasir olan kəlamları işığında poeziya, musiqi, sənət ovqatı hökm sürdü.
Tədbiri giriş sözü ilə açan ATXİ-nin sədr müavini, Xalq artisti Hacı İsmayılov dövlət başçısının müvafiq sərəncamı ilə elan olunan “Nizami ili”ndə keçirilən silsilə tədbir və layihələrin dahi şairin irsi ilə yenidən, daha yaxından tanış olmaq imkanı yaratdığını dedi.
Mütəfəkkir şairin irsinin teatr, musiqi, kino, rəngkarlıq – sənətin demək olar ki, bütün sahələrinə təsiri ilə bənzərsiz yaradıcılıq nümunələrinin ortaya çıxdığını vurğulayan çıxışçı bunu Nizami dühasının əzəmətinin nəticəsi kimi dəyərləndirdi. Bildirdi ki, bundan sonrakı əsrlər və nəsillər üçün də əvəzsiz miras olan Nizami yaradıcılığı neçə-neçə sənət nümunəsinin əsas qayəsi olacaq.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasının əhəmiyyətindən söz açdı. Vurğuladı ki, Nizami Gəncəvi mənəvi zənginliyi hər şeydən üstün tutub, bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib. Nizami Gəncəvi dünyanın ən böyük şairləri ilə bir sırada durur və onun əsərləri bizim üçün, eləcə də gələcək nəsillər üçün daim ilham mənbəyi olacaq. Yeni nəslin təlim-tərbiyəsində, əsl cəmiyyət fərdi kimi yetişməsində Nizaminin poetik nümunələrinin də mühüm rolu var. Muxtar Nağıyev çıxışının sonunda tamaşaçı qismində tədbirə qatılan məktəblilərə xitabən şairin elmin önəmi haqqında beytlərini səsləndirdi.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyeva Nizami Gəncəvinin bəşəri irsindən, humanizm, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərindən danışdı, onun nəzmə çevrilən fikir karvanının əsrlərdir yol gəldiyini və dünya durduqca yaşamaq haqqı qazandığını dedi.
Milli Konservatoriyanın dosenti, Əməkdar artist Anar Şuşalının ifasında mütəfəkkir şairin sözlərinə yazılmış mahnı və romansların səslənməsi şeir, sənət gecəsini daha da rəngarəng etdi.
Sonda Azərbaycan Teatr Xadimləri İttifaqının rejissor və aktyor laboratoriyalarının üzvləri tərəfindən hazırlanmış “Hünərim bir asimandır” adlı tamaşa-kompozisiya da nümayiş olundu. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun bədii rəhbərliyi ilə hazırlanan səhnə nümunəsinin quruluş həlli laboratoriyanın rejissorları Ayla Osmanova və İmran Qurbanova aid idi.
Gənc aktyor və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Aktyorluq fakültəsi tələbələrinin ifasında “Xəmsə”dən seçmələrlə monoloq və dialoqlardan ibarət kompozisiya maraqla qarşılandı.
H.NİZAMİQIZI