Vətən müharibəsi qəhrəmanlarının adları paytaxtın 40-dan çox küçəsində yaşadılacaq

 

Polad Həşimov, Mübariz İbrahimov, Allahverdi Bağırov və torpaqlarımızın azadlığı uğrunda şəhid olan minlərlə qəhrəman Vətən övladları. Sizlər ən ali, müqəddəs və şərəfli zirvənin sahiblərisiniz. Çünki siz Vətəni uca tutdunuz, onun uğrunda öz həyatınızı qurban verdiniz...

44 günlük Vətən müharibəsinin, bizi əzəli yurd yerlərimizə qovuşduran haqq savaşımızın bir ilini arxada qoyduq. Ancaq az qala hər gün Vətən fədailərinin döyüş yolunun yeni-yeni səhifələrini oxuyur, onların müqəddəs amal uğrunda şücaətlərindən qürur hissi keçiririk. Çünki onlar bizə qalib xalq, qalib ölkə kimi böyük fəxarət miras qoydular. Xalqımıza bu qüruru yaşadanlara əbədiyyən minnətdarıq.

Vətən müharibəsindən keçən müddət ərzində dövlət qurumları, ictimai təşkilatlar, ayrı-ayrı müəssisələr tərəfindən şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Şəhidlərin qəbirüstü abidələri, xatirə kompleksləri yaradılır, adları küçələrə, meydanlara, müəssisə və təşkilatlara, mədəni-maarif ocaqlarına verilir. Yaşadıqları evlərə barelyefləri vurulur, bəzilərinin işlədikləri müəssisələrdə xüsusi guşələr, yaradılır, büstləri qoyulur. 

Paytaxtın Xətai rayonu ərazisindəki “Nobel” prospektinin adı dəyişdirilərək “8 Noyabr” adlandırılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu günə qədər paytaxtın 40-dan çox küçəsinə Vətən müharibəsi şəhidlərinin adları verilib.

Paytaxtın Nərimanov rayonundakı “Ərdəbil” küçəsinə Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zaur Nudirəliyevin, adı olmayan daha bir küçəyə isə Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Azad Hümbətovun adı verilib. Artıq həmin küçələrə şəhidlərin adı və haqqında qısa məlumatın olduğu lövhələr vurulub.

Oktyabrın 4-də, Vətən müharibəsinin ilk günlərində, polkovnik Zaur Nudirəliyevin idarə etdiyi “Su-25” hücum təyyarəsi verilən döyüş tapşırığının yerinə yetirilməsi üçün Cəbrayıl rayonu istiqamətində təyin olunmuş hədəfə yaxınlaşan zaman Komanda İdarəetmə Məntəqəsinə düşmənin hava hücumundan müdafiə vasitələrinin hazır vəziyyətə gətirilməsi barədə məlumat daxil olub. Buna görə də “Su-25” təyyarəsinin vurulma ehtimalı yaranıb. Dərhal Z.Nudirəliyevə geri qayıtmaq tapşırığı verilib. Həmin vaxt Zaur, təyin olunmuş hədəfə zərbə endirib geri qayıdırdı. Bundan sonra o, çağırışa cavab vermir. Çünki idarə etdiyi təyyarə düşmən tərəfindən vurulmuşdu. Ağır yaralanmasına baxmayaraq Z.Nudirəliyev təyyarədən katapult edə bilərdi. Amma o, əsir düşməmək və düşmənə daha bir zərbə vurmaq üçün təyyarəni işğalçı ordunun canlı qüvvəsinin cəmləşdiyi səngərə çırparaq şəhadətə yüksəlir.

Dövlət başçısının müvafiq sərəncamları ilə Z.Nudirəliyev ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına, həmçinin “Vətən uğrunda”, Füzuli, Cəbrayıl və Suqovuşanın azad olunmasına görə medallarına layiq görülüb.

***

Şəhid baş leytenant Azad Hümbətov da müharibə başlayandan Füzuli, Qubadlı, Laçının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edir. Tank tağımı komandiri olan Azad Hümbətov öz həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirməyə nail olur. Döyüş zamanı komandiri olduğu tank minaya düşür. Özü ayağından yaralansa da, tankı idarə edən mexanikin daha ağır xəsarət aldığını görərək özündə güc toplayır və yaralı silah yoldaşını 25 km çiynində daşıyaraq meşə ərazisinə gətirir. Çətinliklə iki gün yaralı halda döyüş yoldaşını daşıyır. Nəhayət, iki gündən sonra öz döyüş postlarına gəlib çata bilir. Bundan sonra Azadın vəziyyəti ağırlaşdığına görə onu müalicə almaq üçün Beyləqana göndərirlər. Lakin o, müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına qayıdır. Ailəsi isə onun yaralı vəziyyətdə olmasından, müalicəsini yarımçıq qoyub yenidən döyüş meydanına qayıtmasından yalnız şəhid olandan sonra xəbər tutur. Azad Hümbətov oktyabrın 27-də Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Dövlət başçısının müvafiq sərəncamları ilə A.Hümbətov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, “Vətən uğrunda”, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

***

Paytaxtın Binəqədi rayonunda küçələrdən birinə şəhid jurnalist Məhərrəm İbrahimovun adı verilib.

Bu barədə rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, “Sahilboyu” küçəsi bundan sonra şəhid jurnalistin adını daşıyacaq.

İşğaldan azad olunmuş ərazilərdə çəkiliş həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşmüşdü. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olmuşdu. Prezident İlham Əliyevin sərəncamı ilə hər üç şəhid 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

***

Qeyd edək ki, paytaxtın Suraxanı rayonunda Vətən müharibəsi şəhidləri Orxan Hüseynov, Samir Əliyev, Nazim Kirxlarov, Səbuhi Orucov, Ruslan Rəcəbov, Surxay Noçuyev, Rəşad Quliyev, Elçin İsmayılov, Xətai rayonunda Ceyhun Həsənov, Milli Qəhrəman İlqar Mirzəyev (Tovuz döyüşləri şəhidi), Xeyrulla İbrahimov, Kamran Kazımov, Elvin Şükürlü, Sədi Musayev, Malik Əliyev, Nəcəf Şikarov, Həsən Rzazadə və Həmid Abbasbəylinin adları küçələrə verilib.

Bundan əlavə, Cəmil Səlimov, Ceyhun Nəhmətov, Ramiz Qasımov, Elçin Mansurov (Xəzər rayonu); Adil İbrahimli, İbrahim Abdullayev, Elman Babaxanov (Nəsimi rayonu); Rəşad Abdullayev (Qaradağ rayonu); Əmirulla Əliyev (Sabunçu rayonu); Nurlan Mustafayev, Mirzəağa Məmmədbağıroğlu, Həmidağa Hüseynzadə (Yasamal rayonu); Abbas Qasımov, Həmdəm Ağayev, Rufiz Budaqov, Orxan Cabbarov, Anar Şükürov, Cəmil Nəcəfov, İbrahim Sadıqlı, Nicat Səmədov, Elçin Əzizovun (Binəqədi rayonu) da adları əbədiləşdirilib.

Paytaxtla yanaşı bölgələrdə də şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, bu ilin iyulunda Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nda dəyişiklik edilib.

Həmin vaxtadək qüvvədə olan qaydalara əsasən, yerli rayon (şəhər) icra hakimiyyəti orqanları Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhidlərin adları küçələrə, meydanlara verilirdi. Dəyişikliyə əsasən, Vətən Müharibəsi Qəhrəmanı olan şəhidlərin də adları küçələrə, meydanlara veriləcək. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ən azı iki ordenlə təltif olunma ilə bağlı şərt isə ləğv olunub. Həmçinin, rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən Azərbaycanın Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəman olan şəhidlərin büstləri qoyulacaq.

Nurəddin MƏMMƏDLİ