Macarıstan ansamblı Bakıda xeyriyyə axşamında çıxış edib
Dekabrın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Macarıstanın Azərbaycandakı Səfirliyi, “Nargis” fondu və eyniadlı jurnalın birgə təşkilatçılığı ilə konsert və yarmarkadan ibarət xeyriyyə axşamı keçirilib. Artıq ənənəyə çevrilmiş xeyriyyə layihəsi iki dost ölkənin mədəniyyətini bir səhnədə birləşdirib.
Xeyriyyə konsertində Macarıstan Dövlət Xalq Ansamblı səhnəni Xalq artisti, pianoçu Murad Hüseynovla bölüşüb.
Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi bildirib ki, səfirlik Yeni il bayramı ərəfəsində müalicəyə ehtiyacı olan uşaqlar üçün növbəti xeyriyyə yarmarkasını təşkil edib. Tədbirin Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin 30 illiyinə (2022-ci ildə qeyd olunacaq – red.) həsr olunduğunu vurğulayan səfir deyib: “Xalqlarımızın musiqisi ortaq köklərə bağlıdır. Macarıstan Dövlət Xalq Ansamblı Macarıstan musiqisinin ən orijinal qoruyucusudur. Ümid edirəm, konsert sonuncu olmayacaq, çünki Beynəlxalq Muğam Mərkəzi ilə anlaşma memorandumu imzalanıb. İnanıram ki, musiqi xalqlarımızı daha da yaxınlaşdıracaq”.
“Nargis” fondunun nümayəndəsi Nərmin Məmmədova bildirib ki, hər il dekabrda təşkil olunan xeyriyyə konserti bir çox ailələrə sevinc bəxş edib. Bilet satışından əldə olunan gəlir Elmi–Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Müalicə Mərkəzinə yönləndiriləcək.
Konsertdə klassik və macar xalq musiqisi, müxtəlif rəqs nömrələri təqdim olunub.
Xeyriyyə tədbiri çərçivəsində filarmoniyanın foyesində təşkil olunan yarmarkada qonaqlar Macarıstanın milli şirniyyatlarını almaq imkanı əldə ediblər. “Nargiz Art Studio” uşaq rəsm dərnəyi üzvlərinin çəkdiyi rəsmlər nümayiş olunub.
Macarıstan Dövlət Xalq Ansamblına beynəlxalq mükafatlar laureatı İstvan Pal rəhbərlik edir. Ansambl Karpat bölgəsinin qədim tarixə malik mədəniyyətini orijinal folklor repertuarında yaşadır.
Xeyriyyə konserti və yarmarkası “MOL Group” şirkətinin dəstəyi ilə keçirilib. “MOL Group” mərkəzi ofisi Budapeştdə yerləşən, Mərkəzi və Şərqi Avropanın aparıcı neft və qaz korporasiyasıdır.