Hələ müzakirələr davam edir

 

Müxtəlif dillərin dünyada tanıdılmasını təşviq etmək məqsədilə müvafiq beynəlxalq dil günləri qeyd olunur. Bir müddət əvvəl UNESCO üzrə Türkiyə Milli Komissiyası UNESCO çərçivəsində “Beynəlxalq Türk Dili Günü”nün (İnternational Turkic Language Day) təsis olunması təşəbbüsü ilə çıxış edib. Bu istiqamətdə bir neçə dəfə müzakirələr aparılıb.

Dekabrın 15-də mövzu ilə bağlı onlayn formatda növbəti dəyirmi masa keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, tədbirdə Türk Dövlətləri Təşkilatına daxil olan qurumların, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin UNESCO üzrə Milli Komissiyalarının nümayəndələri, həmçinin dövlət rəsmiləri və elm adamları iştirak ediblər.

Tədbirdə Azərbaycan tərəfindən səfirlər Həsən Həsənov, Vilayət Quliyev, Milli Məclisin deputatı Nizami Cəfərov, Xüsusi tapşırıqlar üzrə səfir – UNESCO üzrə Milli Komissiyanın Baş katibi Seymur Fətəliyev çıxış ediblər.

“Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi ilə bağlı təşəbbüsün türkdilli dövlətlər üçün mühüm əhəmiyyəti vurğulanıb və Azərbaycanın bu təşəbbüsü dəstəklədiyi bildirilib. Bu təşəbbüsə UNESCO-da baxılması üçün müvafiq tədbirlərin davam etdirilməsi və bu istiqamətdə türkdilli ölkələrin səylərinin səfərbər edilməsinin vacibliyi qeyd olunub.

Xatırladaq ki, bu ilin fevralında keçirilən onlayn toplantıda bu mövzu geniş şəkildə müzakirə edilmiş və “Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsinə dair məsləhətləşmələrin yekunlaşmaq üzrə olduğu bildirilmişdi.