Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) dekabrın 13-də paytaxtdakı “Azərkitab” Kitab Mərkəzində “Nizami Gəncəvi əsərlərində ümumbəşəri dəyərlər və mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa keçirib.
Dəyirmi masa mütəfəkkir şairin yaradıcılığının dünya ədəbiyyatı, elm, mədəniyyət və incəsənətində rolunu, Nizaminin fəlsəfi irsinin humanizm, tolerantlıq, multikulturalizm kimi ümumbəşəri dəyərlər kontekstində müzakirə etmək məqsədilə təşkil edilib.
Tədbirdə norveçli tərcüməçi, Nizami Gəncəvi irsinin tədqiqatçısı Raqnhild Tori, Milli Konservatoriyanın əməkdaşları – professor Abbasqulu Nəcəfzadə, dosent Firudin Qurbansoy, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Zəhra Allahverdiyeva, Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Nizami filialının müdiri Gülnarə İsmayılova, digər qonaqlar, həmçinin onlayn formatda Bakı şəhər və regional mədəniyyət idarələrinin və MEMİM-in əməkdaşları iştirak ediblər.
Dəyirmi masanı Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli açaraq iştirakçıları salamlayıb.
Uzun illər Nizaminin əsərlərini tədqiq edən Raqnhild Tori mütəfəkkir şairin poemalarının təhlili barədə fikirlərini bölüşüb. Xanım tədqiqatçı Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını kiçikyaşlı oxucuların anlayacağı üsluba uyğunlaşdıraraq hazırladığı kitabın 2012-ci ildən etibarən müxtəlif vaxtlarda ümumilikdə 6600 tirajla 3 dildə nəşr olunduğunu diqqətə çatdırıb.
Bildirib ki, illər əvvəl Norveçin humanitar təşkilatının xətti ilə Gəncəyə işləməyə gəlib və orada ilk dəfə tanış olduğu Nizami irsi onu ovsunlayıb. O, uşaqlar üçün yığcam formaya saldığı əsərin Gəncə şəhərində məktəblilər tərəfindən xarici dildə səsləndirilməsi, habelə Şəkinin Kiş qəsəbəsində uşaqların ifasında səhnələşdirilməsi barədə də danışıb.
Qeyd edək ki, norveçli tədqiqatçı geniş araşdırmalar zamanı “Xəmsə”də yer alan əsərlərin təkcə baş qəhrəmanlarını deyil, eyni zamanda digər obrazların da ruhi-psixoloji portretini dəqiq təhlil edib.
Daha sonra dəyirmi masanın digər iştirakçılarının Nizami irsində Azərbaycana məxsus musiqi alətləri, Nizami Gəncəvinin dövrü və nəsil şəcərəsi, Nizami dövrü mətbəx mədəniyyətimiz, musiqi Nizami “Xəmsə”sinin səhifələrində, Nizaminin Gəncəsi, Nizaminin yaradıcılığında multikulturalizm və digər mövzularda çıxışları dinlənilib. Nizami irsinin beynəlxalq arenaya tanıdılmasında Heydər Əliyev Fondunun rolu xüsusi vurğulanıb.
Tədbirin bədii hissəsində Bakı şəhər M.Maqomayev adına 26 nömrəli onbirillik Musiqi məktəbinin “Fantaziya” simli kvartetinin ifası, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Talıb İsgəndərovun ifasında “Mümkünmüdür”, Bakı şəhər C.Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin şagirdi, Prezident təqaüdçüsü Atilla Məmmədovun ifasında “Sevgili canan” romansları, V.Mustafazadə adına 2 nömrəli İncəsənət məktəbinin “Aysel” rəqs kollektivi tərəfindən “Yeddi gözəl” baletindən vals, Müslüm Maqomayevin baş rolu oynadığı “Nizami” filmindən fraqment və böyük müğənninin ifasında səslənən “Sənsiz” romansı təqdim edilib.
Nizami Gəncəvi əsərlərində adları çəkilən Azərbaycan musiqi alətlərindən ibarət sərgi də nümayiş olunub.
Qeyd edək ki, hibrid formatda (canlı və onlayn) təşkil olunan tədbirə “Zoom” platforması vasitəsilə 100-dən artıq izləyici qoşulub.