Dekabrın 23-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük rus yazıçısı Fyodor Dostoyevskinin (1821-1881) “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşanın premyerası olacaq.

Teatrdan bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti, Prezident təqaüdçüsü Cənnət Səlimova, ideya müəllifi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı – müamiləçi obrazının ifaçısı Əməkdar artist, “Qızıl Dərviş” və “Zirvə” mükafatları laureatı Şövqi Hüseynov, səhnə və geyim üzrə tərtibatçısı Qabil Gözəlov, rejissor assistenti isə Elməddin Dadaşovdur.

Həyatın dərin qatlarındakı mənaları özündə birləşdirən monotamaşada zamanın qəddar qanunlarından törəyən müxtəlif hadisələr bütün çılpaqlığı ilə göstərilir.

Səhnə əsərinin musiqi tərtibatında dünya şöhrətli bəstəkar Alfred Şnitkenin “Uçuş” simfonik əsərindən istifadə olunub.

F.Dostoyevskinin son əsərlərindən (1876) olan “Utancaq qız” povesti (müəllif orijinalda əsərin janrını “fantastik hekayə” kimi müəyyən edib) Moskva, Sankt-Peterburq, Kiyev, Odessa və digər şəhərlərdə dəfələrlə səhnələşdirlib. Həmçinin əsər əsasında XX əsrin 60-cı illərindən başlayaraq Rusiyada, eləcə də Almaniya, Belçika, Fransa, Polşa və digər ölkələrin kinematoqrafçıları tərəfindən 10-dək film çəkilib.