Azərbaycan

 

22 dekabr 1898 – Əməkdar incəsənət xadimi, rejissor, aktyor Ağarza Səməndər oğlu Quliyev (1898 – 15.9.1976) Lənkəranda doğulub. “Qara daşlar”, “Səhər”, “Ulduz” filmlərinə quruluş verib, filmlərdə çəkilib.

22 dekabr 1906 – Xalq artisti, xanəndə Əlövsət Şirəli oğlu Sadıqov (1906-1971) anadan olub. 1930-cu ildən Dövlət Opera və Balet Teatrında çalışıb.

22 dekabr 1911 – Tanınmış jurnalist, pedaqoq Nəsir Əsədulla oğlu İmanquliyev (1911-1998) Bakıda doğulub. “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və 30 ilə yaxın baş redaktoru, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin professoru olub.

22 dekabr 1920 – Yazıçı, ssenarist, rejissor, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəyli (1920 – 25.6.1980) Bakıda doğulub. “Uzaq sahillərdə” (İ.Qasımovla birgə), “Cəbhədən cəbhəyə” romanlarının, pyeslərin müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” filmlərinə quruluş verib. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olub.

22 dekabr 1934 – Xalq artisti İbrahim Əhməd oğlu Məmmədov (Bənəniyarlı; 1934 – 9.9.2014) Naxçıvan MR Culfa rayonunun Bənəniyar kəndində doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

22 dekabr 1937 – Tarixçi, etnoqraf, AMEA-nın müxbir üzvü Arif Akim oğlu Abbasov (1937 – 21.4.2005) Naxçıvanda doğulub.

22 dekabr 1939 – Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Rauf Əbdüləli oğlu İsmayılov (1939–2019) dünyaya gəlib. Milli Məclisin Təhsil, elm, din və mədəniyyət məsələləri daimi komissiyasının sədri olub.

 

23 dekabr 1911 – Şərqşünas, tərcüməçi, professor, Əməkdar elm xadimi Məmməd Mübariz Əli oğlu Əlizadə (1911 – 9.4.1994) anadan olub. Nizaminin, Xaqaninin tədqiqatçısı olub. Mücirəddin Beyləqaninin şeirlərini farscadan dilimizə tərcümə edib.

23 dekabr 1913 – Əməkdar artist İmamverdi Salman oğlu Bağırov (1913 – 6.5.1985) doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Akademik Dram, Musiqili Komediya teatrlarında çalışıb.

23 dekabr 1923 – Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Musa oğlu Sultanov (1923 – 30.3.1993) anadan olub.

23 dekabr 1927 – Əməkdar mədəniyyət işçisi Nəcəf Abbas oğlu Həsənzadə (1927-2012) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında aktyor və rejissor assistenti kimi fəaliyyət göstərib, filmlərə çəkilib.

23 dekabr 1945 – Əməkdar artist Sadiq Əliabbas oğlu İbrahimov (1945 – 20.8.2010) Bakıda doğulub. Akademik Milli Dram Teatrının aktyoru olub.

23 dekabr 1946 – Xalq artisti, balerina, Dövlət mükafatı laureatı Çimnaz Məmməd qızı Babayeva (1946 – 23.12.2019) Bakıda doğulub. 1964-1977-ci illərdə Akademik Opera və Balet Teatrının solisti olub, teatrda baletmeyster kimi fəaliyyət göstərib.

23 dekabr 1986 – Əməkdar artist Qurban Baxşəli oğlu Mirzəyev (1920-1986) vəfat edib. Ağdam Dövlət Dram Teatrının aktyoru olub.

 

24 dekabr 1872 – Yazıçı-publisist, pedaqoq Ömər Faiq Nemanzadə (1872 – 10.10.1937) Gürcüstanda, Ahıska (Axalsıx) qəzasının Azqur kəndində doğulub. “Şərqi-rus” qəzetinin, “Molla Nəsrəddin” jurnalının yaradıcılarındandır. Gürcüstanda və Azərbaycanda xalq maarifi sahəsində çalışıb, repressiya qurbanı olub.

24 dekabr 1926 – Əməkdar artist, balaban və klarnet ifaçısı Bəhruz Mahmud oğlu Zeynalov (1926 – 25.5.1998) Bakıda anadan olub.

24 dekabr 1939 – Şair, yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Məmməd Muxtar oğlu Aslan (1939 – 23.9.2015) Kəlbəcər rayonunun Laçın kəndində doğulub. Kitabları: “Durnalar lələk salır”, “Ömrün yarı yaşında”, “Saxla izimi, dünya” və s.

24 dekabr 1954 – Xalq artisti Natalya Valeh qızı Tağıyeva (1954 – 16.1.2005) anadan olub. Dövlət Rus Dram Teatrının aktrisası olub, filmlərdə (“Dədə Qorqud”, “Onun bəlalı sevgisi” və s.) çəkilib.  

 

Dünya

 

22 dekabr 1858 – İtalyan bəstəkarı Cakomo Puççini (Giacomo Puccini; 1858 – 29.11.1924) anadan olub. “Bohema”, “Toska”, “Madam Batterflyay” operalarının müəllifidir.

22 dekabr 1937 – Rus yazıçısı Eduard Uspenski (1937-2018) anadan olub. Uşaqlar üçün populyar əsərlərin (“Timsah Gena və dostları”, “Fyodor dayı, it və pişik”) müəllifidir.

 

23 dekabr 1858 – Görkəmli rus rejissoru, dramaturq, Moskva Bədaye Teatrının qurucularından Vladimir İvanoviç Nemiroviç-Dançenko (1858-1943) anadan olub.

23 dekabr 1931 – SSRİ Xalq artisti Lev Konstantinoviç Durov (1931 – 20.8.2015) anadan olub. “Azərbaycanfilm”də “Qorxma, mən səninləyəm!” (San Sanıç) filmində çəkilib.

 

24 dekabr 1798 – Polyak şairi Adam Miskeviç (Adam Bernard Mickiewicz; 1798 – 26.11.1855) anadan olub.

24 dekabr 1867 – Türk şairi Tofiq Fikrət (Mehmet Tevfik Fikret; 1867-1915) İstanbulda doğulub.

24 dekabr 1906 – İngilis yazıçısı, detektiv əsərlər müəllifi Ceyms Hedli Çeyz (James Hadley Chase – Rene Brabazon Raymond; 1906-1985) anadan olub.

Hazırladı:  Vüqar ORXAN