Sabirabad, Kürdəmir, İsmayıllı, Şəki və Gəncə regional mədəniyyət idarələrinin birgə təşkilatçılığı ilə “Nizami ili” münasibətilə “Xəmsə” yolu” layihəsi həyata keçirilir. Layihənin ilk tədbiri Sabirabad rayon Mədəniyyət Mərkəzində gerçəkləşib. Tədbirdə Nizami Gəncəvi “Xəmsə”si əsasında hazırlanan səhnəciklər təqdim olunub.

Lənkəran RMİ Astara rayon Mədəniyyət Mərkəzində Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Kitab və rəsm sərgisi ilə tanışlıqdan sonra Mədəniyyət Mərkəzi özfəaliyyət kollektivinin ifasında böyük şairin əsərlərinin motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya göstərilib.

Ağstafa RMİ Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbi və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Nizaminin hikmət və nəsihətləri” adlı tədbir keçirilib. Tədbirdə musiqi məktəbinin şagirdləri tərəfindən hazırlanmış səhnəcik nümayiş etdirilib.

Bərdə RMİ Yevlax şəhər Mədəniyyət Mərkəzi və şəhər Yaradıcılıq evinin təşkilatçılığı ilə “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” adlı teatrlaşdırılmış ədəbi-bədii, musiqili kompozisiya nümayiş etdirilib.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş konsert təşkil olunub. Konsert proqramında Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri çıxış edib.

Ağcabədi RMİ Ağcabədi rayon Qarabağ Muğam Mərkəzində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə mərkəzin səs müəllimlərinin ifasında “Yenə tövbə evimi eşq xərab etmədədir” və “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” qəzəlləri səsləndirilib.

Biləsuvar RMİ Salyan rayon Mədəniyyət Mərkəzi, 2 saylı şəhər klubu və Kürqaraqaşlı Diyarşünaslıq evinin təşkilatçılığı ilə “Nizami ili” münasibətilə mədəniyyət müəssisələri əməkdaşlarının əl işlərindən ibarət dekorativ-tətbiqi sənət sərgisi keçirilib.

İsmayıllı RMİ İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Nizami Gəncəvi-880” adlı tədbir keçirilib. İdarə rəisi Elçin Nəcəfov, idarə və müəssisələrin əməkdaşları və rayon ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Nizami yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.

Nurəddin MƏMMƏDLİ