Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan teatrının korifeyi, Xalq artisti Nəsibə Zeynalovanın (1916-2004) 105 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Tədbirə qatılanlar öncə mədəniyyət ocağında fəaliyyət göstərən rəsm kursunun tələbəsi Rəna Cəfərovanın görkəmli sənətkara həsr etdiyi əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Mədəniyyət sarayının direktoru Cavid Şahbazbəyov tədbiri açaraq unudulmaz aktrisanın sənət yolundan bəhs edib. Bildirib ki, Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan, Azərbaycan teatrsevərləri arasında “Qayınana” kimi sevilən Nəsibə Cahangir qızı Zeynalovanın xatirəsi yaddaşlarda əbədi yaşayacaq.
Sənətkarın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
Əməkdar artistlər Çingiz Əhmədov və Mirzə Ağabəyli Nəsibə xanımla bağlı xatirələrini bölüşüblər.
Gecənin musiqili hissəsində “Yeni ulduz – 7” yarışmasında ikinci yerin sahibi Azad Şabanov, Prezident təqaüdçüsü, vokalçı Amil Həsənoğlu, Cəmalə Qambayeva, Aylin İlqar rəngarəng mahnı çələngi ilə çıxış ediblər.
Nəsibə Zeynalovanın oynadığı “Qayınana”, “Ulduz”, “Hicran” tamaşalarından səhnəciklər həvəskar aktyorlar Elgün Əliyev, Afaq Bayramova, Elxan Rəhimov, Mir-Zahid Məmmədovun iştirakı ilə nümayiş olunub. “Lalələr” rəqs kollektivinin çıxışı da tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Sənətkarın nəvəsi Nəsibə Əsgərova çıxış edərək belə gözəl tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
Sonda tədbirin fəal iştirakçıları təşəkkürnamələrlə təltif olunublar.