Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar ölkə başçısının sərəncamına uyğun olaraq paytaxt məktəblərində də silsilə tədbirlər keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, ümumi təhsil müəssisələrində bu mövzuda açıq dərslər, ədəbi-bədii gecələr, müsabiqə və yarışlar təşkil edilir. Bundan başqa, məktəb kitabxanalarında Aşıq Ələsgər irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamətində diskussiyalar təşkil edilib.
Həmçinin ümumi təhsil müəssisələrində ustad sənətkarın 200 illik yubileyinə həsr edilmiş rəsm sərgiləri nümayiş olunur, divar qəzeti və bülletenlər hazırlanır. “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda şeir müsabiqəsi təşkil olunub. Tədbirlərdə Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı haqqında şagirdlərə geniş məlumat verilir, onun 200 illik yubileyinin bütün türk dünyası üçün əlamətdar olduğu bildirilir.
Şagirdlər tərəfindən Aşıq Ələsgərin şeirlərindən nümunələr səsləndirilir, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilir.