Dekabrın 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktrisası, Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəylinin (1920-1999) 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi.
Qeyd edək ki, unudulmaz aktrisanın anadan olmasının 100 illiyi ilə əlaqədar ötən il Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanmışdı. Lakin COVİD 19 pandemiyası ilə əlaqədar tətbiq olunan sərt karantin rejiminə görə mədəni-kütləvi tədbirlərə məhdudiyyət qoyulduğundan sənətkarın yubiley tədbiri də təxirə salınmışdı.
Gecədə dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Teatrın foyesində Azərbaycan Dövlət Teatr Muzeyinin arxivi əsasında aktrisanın sənət yolunu əks etdirən fotolardan ibarət sərgi təşkil olunmuşdu.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Leyla Bədirbəylini həm görkəmli sənətkar, həm də gözəllik, zəriflik nümunəsi kimi xarakterizə etdi. Bildirdi ki, aktrisanın teatr və kinomuzda yaratdığı parlaq obrazlar bundan sonra da tamaşaçıların yaddaşında dərin iz salacaq. Onun canlandırdığı bənzərsiz obrazlar sayəsində yeni sənətçilər nəsli yetişib və onun açdığı sənət yolu davam etdirilib.
Elnur Əliyev qeyd etdi ki, tanınmış sənətkarların daim belə sevgi və ehtiramla xatırlanması həm əsl sənət dəyərlərinin ölməzliyinə, həm də yaradıcılıq ənənələrinin yaşadılmasına əlavə zəmin deməkdir: “Belə örnək sənətkarların qoyub getdiyi mirasın gələcəyə layiqincə daşınması üçün teatr və kino təmsilçilərimiz daim yeniliklərə, inkişafa can atmalıdırlar. Teatr Azərbaycan mədəniyyətinin vacib göstəricisidir və onun yeni dövrün tələblərinə uyğun inkişaf strategiyası müəyyənləşdirilməkdədir. Teatrlarımızın inkişafına dövlət tərəfindən bundan sonra da dəstək göstəriləcək. Ancaq teatrın ən böyük dəstəkçisi onun tamaşaçılarıdır. Bu mənada tamaşaçı ilə teatr arasındakı əlaqə daim canlı, dinamik olmalıdır”.
Sonra Xalq artisti Vaqif Əsədovun ssenari müəllifi olduğu və quruluş verdiyi (ikinci rejissor Gülnar Hacıyeva) yubiley gecəsinin bədii hissəsinə, teatrallaşdırılmış kompozisiyaya keçildi.
Sənətkarın teatr və kino yaradıcılığından videoçarx nümayiş olundu. Beləcə, ağ-qara foto və video kadrlarda həm nostalgiya yaşandı, həm də bir sənətkar ömrünün ən yaddaqalan, ən kövrək məqamları vərəqləndi.
Sonra “Arşın mal alan” operettasından Gülçöhrənin (Leyla Bədirbəylinin ifasında) ariyası həm kadrlarda nümayiş olundu, həm də səhnədə gənc vokalçının ifasında canlı-canlı təqdim edildi.
Daha sonra aktrisanın səhnədə yaratdığı təkrarsız obrazlar sənət və şəxsiyyətinin heyranı olan xanım həmkarları tərəfindən yenidən canlandırıldı. “Solğun çiçəklər”in vəfalı Sarası, “Vaqif”in sevdalı Xuramanı, “Almaz”ın fədakar Almazı səhnədə göründü. “Qanlı toy” tamaşasından parça gecənin finalında ümumilikdə bir qadının – ananın, bacının, sevgilinin faciəsi təsirini yaratdı.
Leyla Bədirbəylinin sevə-sevə ölümsüzlük bəxş etdiyi qadın qəhrəmanlarının kinoekrandan “boylanan” kadrları izləndikcə onun aktrisa kimi fitri istedad və özünəməxsus ustalığı yenidən alqışlandı. Akademik Musiqili, Akademik Milli Dram və Gənc Tamaşaçılar teatrlarının orkestri, xoru, balet və aktyor truppası gecəni maraqlı və yaddaqalan etməyə çalışdılar.
Zəriflik və sevgi üzərində qurulan xatirə gecəsinə İlkin Əhmədovun ifasında “Qarabağın maralı” mahnısı ayrıca bir rəng qatdı. Muğam üçlüyü və skripkada solo ifalar da tamaşaçıların könlünü oxşadı.
Həmidə