"AzərKitab" Kitab Mərkəzində  Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair Ramil Mərzilinin "Qadağan olunmuş şeirlər" kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan şair Xatirə Xatun Ramil Mərzilinin poeziyasından danışıb və qeyd edib ki, "Qadağan olunmuş şeirlər" müəllifin oxucuları ilə beşinci görüşüdür. 

Sonra Müşfiqə Balaəddinqızının qiraətində şairin "Uşaqlığıma elegiya" şeiri əsasında videoklip nümayiş etdirilib.

Kitabın redaktoru, şair Günay Ümid kitabın ərsəyə gəlməsindən danışıb, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədr müavini, "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Seyfəddin Hüseynli şairin yaradıcılığına nəzər salıb.  Bildirilib ki, şairin poeziyasında Qarabağ, Ağdam koloriti xüsusilə sezilir.

S.Hüseynli müəllifin kitabda yer alan tərcümələri haqqında da fikirlərini bölüşüb. 

Şairin qələm dostları və ədəbiyyatşünaslar da çıxış edərək müəllifin yeni kitabı haqqında xoş fikirlərini bölüşüb, yaradıcılığındakı torpaq həsrətini vurğulayıb, Ağdamın, doğma kəndi Mərzilinin və işğal altındakı bütün torpaqların azadlığı münasibətilə təbrik ediblər. 

Əməkdar artistlər – tanınmış xanəndə Sevinc Sarıyeva və aktrisa Gülər Nəbilinin ifaları tədbirə rəng qatıb.