Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində “Nizami inciləri” adlı teatrlaşdırılmış kompozisiya nümayiş olunub. Tədbirdə həmçinin rayon Mədəniyyət Mərkəzi “Art” yaradıcılıq studiyasının Nizaminin eyniadlı mənzum hekayəsi əsasında lentə aldığı “Kərpickəsən kişinin dastanı” qısametrajlı bədii filminin premyerası keçirilib.

Şəmkir RMİ Göygöl rayonu üzrə nümayəndəliyin təşkilatçılığı ilə Nizaminin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şairin “Kərpickəsən kişinin dastanı” və “Xeyir və Şər” əsərləri əsasında səhnəciklər göstərilib.

Lənkəran RMİ Lerik şəhər Mədəniyyət Mərkəzində “Nizami sözünün işığında” adlı ədəbi-musiqili tədbir keçirilib. İdarə rəisi Şahin Şahbazovun da iştirak etdiyi tədbirdə şairin sözlərinə bəstələnmiş mahnılar və muğamlar ifa edilib. Lerik rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dram dərnəyi üzvlərinin hazırladığı səhnəcik tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Kürdəmir, Sabirabad, İsmayıllı, Şəki və Gəncə regional mədəniyyət idarələrinin birgə təşkilatçılığı ilə keçirilən “Xəmsə” yolu” layihəsinə yekun vurulub. Layihənin son tamaşası İmişli Mədəniyyət Mərkəzində nümayiş olunub. Tamaşada Nizaminin “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “İskəndərnamə” əsərlərindən bəzi hissələr canlandırılıb.

Sabirabad RMİ Şirvan şəhər Mədəniyyət Mərkəzində Nizaminin 880 illiyi ilə bağlı keçirilən tədbirdə Şirvan ŞİH-nin başçısı İlqar Abbasov və idarə rəisi Fərid Qurbanzadə iştirak ediblər. Mərkəzin həvəskar aktyorları tərəfindən “Xosrov və Şirin” poemasının motivləri əsasında tamaşa təqdim olunub.

Gəncə RMİ və şəhərdəki Nizami Gəncəvi muzeyinin birgə təşkilatçılığı ilə əlamətdar ilin yekun tədbiri keçirilib. Tədbirdə çıxış edən idarə rəisi Vasif Cənnətov dahi şairin 880 illiyi ilə bağlı il ərzində gerçəkləşən tədbirlərdən söz açıb. Daha sonra Gəncə Dövlət Filarmoniyası “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının muğam üçlüyü musiqi nömrələri səsləndirib.

Nurəddin