Gürcüstanın tanınmış rəssam və blogeri Ketevan Gulamaşvili Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın qala divarlarının tablosunu çəkib.

Rəssam yaratdığı əsəri Azərbaycanın Gürcüstandakı səfirinə təqdim edib.

Səfir Faiq Quliyev K.Gulamaşviliyə minnətdarlıq edib, Azərbaycan və gürcü xalqları arasındakı dostluq, qardaşlıq münasibətlərinin xüsusiliyindən danışıb.

Qeyd edək ki, K.Gulamaşvili ötən il səfirliyimizin xətti ilə Azərbaycanın erməni işğalından azad edilmiş bölgələrində, o cümlədən Şuşa şəhərində olub.

O, gördükləri barədə mətbuatda məqalələr dərc etdirib, Azərbaycanın bu torpaqlarının əsrarəngiz təbiətini, erməni vandalizminə məruz qalmış mədəni abidələrini əks etdirən rəsmlər çəkib.

Gürcü rəssamın qədim şəhərimizin qala divarlarını əks etdirən tablosunu Azərbaycan səfirliyinə təqdim etməsi 2022-ci ildə ölkəmizdə elan olunan “Şuşa ili”nə hədiyyə sayıla bilər.