İordaniya mətbuatında dahi şairin 880 illiyinə həsr olunmuş məqalə dərc edilib

 

İordaniyanın “Cohina”, “Əl-Ənbat” və “Nəbd əl-Balad” qəzetlərində rus əsilli iordaniyalı jurnalist Yelena Neduqinanın “Nizami Gəncəvi irsi İordaniya və Azərbaycanı daha da yaxınlaşdırdı” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə ötən il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı paytaxtda Əmmanda silsilə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, ölkənin ən nüfuzlu ali təhsil ocağı – İordaniya Universitetində keçirilən “Nizami Gəncəvi ərəblərin gözü ilə” mövzusunda simpozium bu baxımdan ən əlamətdar tədbir olub. Dahi şairin zəngin irsinin təbliği və alimlər, tələbələrin iştirakı ilə təqdim edilən mühazirələr bir daha göstərib ki, bəşəriyyətə, o cümlədən İslam aləminə görkəmli şəxsiyyətlər bəxş etmiş Azərbaycanla İordaniya arasında sıx mədəni bağlar mövcuddur. Xüsusən Nizami Gəncəvi haqqında müxtəlif ölkələrin ədəbiyyatşünaslarının tədqiqat əsərlərindən ibarət kitabın ərəb dilində nüsxəsinin təqdimatı İordaniya Universitetinin Filologiya fakültəsinin müəllim və tələbə heyətinə gözəl bir hədiyyə olub.

Y.Neduqina ötən il “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən beynəlxalq tədbirlər Prezident İlham Əliyevin dahi Azərbaycan şairinin zəngin irsinin təbliği ilə yanaşı, Şərq-İslam mədəniyyətinin bütün dünyada tanıdılması istiqamətində atdığı möhtəşəm humanitar addım olduğunu vurğulayıb.

Məqalədə Nizami Gəncəvinin əsərləri, humanizmi, insanlar arasında bərabərliyi və qardaşlığı təbliğ edən dərin fəlsəfi fikirləri haqqında da ətraflı məlumat verilib.