Bu il Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin əsasının qoyulmasının 270 ili tamam olur. Prezident İlham Əliyevin sərəncamı ilə əlamətdar yubileylə əlaqədar 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əhatə etdiyi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 2 nömrəli filialının əməkdaşları tərəfindən “Şuşa İli” münasibətilə videoçarx hazırlanıb.

Videoçarxda Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin mərkəzlərindən biri olduğu vurğulanır. Bildirilir ki, 1752-ci ildə Pənahəli xan tərəfindən əsası qoyulan şəhər Azərbaycan mədəniyyətinə və ədəbiyyatına görkəmli sənətkarlar bəxş edib. Şuşa şəhərinin tarixi mərkəzində 549 qədim bina (bunlardan 72-si Azərbaycan tarixində iz qoyan şəxslərin yaşayış evləri və ya ev-muzeyləridir), 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastır, 2 qəsr və qala divarları yerləşir. Bu abidələrin çoxu XIX əsrdə yaşamış Azərbaycan memarı Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilib və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayı Səfərəli tərəfindən bəzədilib.

Qeyd olunur ki, 28 il Ermənistanın işğalı altında qalan Şuşada xalqımıza məxsus tarixi-mədəni irsə qarşı vandalizm və talançılıq həyata keçirilib. Bu gün Azərbaycan dövləti tərəfindən azad Şuşada geniş bərpa-quruculuq işləri aparılır.   

Videoçarxla https://www.instagram.com/p/CYQsTmxljvT/?utm_medium=copy_link linki vasitəsinə tanış ola bilərsiniz.