AMEA-nın Folklor İnstitutunda “Zəngəzur folkloru: elmi araşdırmalar və perspektivlər” mövzusunda elmi videokonfrans keçirilib.
Konfransı giriş sözü ilə açan institutun baş direktoru, akademik Muxtar İmanov şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı tarixi mərhələdə folklorşünasların qarşısında yeni üfüqlərin açıldığını və onların tərtib, nəşr və elmi araşdırma sahəsində məsuliyyətinin artdığını vurğulayıb. Akademik bildirib ki, Prezidentinin sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, Qarabağa, o cümlədən Zəngəzura “Böyük Qayıdış” proqramının elan olunması, bu ərazilərə müasir standartlara cavab verən yolların çəkilməsi, yeni-yeni müəssisələrin və yaşayış məntəqələrinin təməlinin qoyulması və s. kimi möhtəşəm quruculuq işləri bütün digər ictimai-siyasi, milli-mədəni tərəfləri ilə bərabər, itirilmiş folklor mühitlərinin tədricən bərpa edilməsi baxımından da xüsusi tarixi əhəmiyyət daşıyır.
Daha sonra videokonfransda filologiya üzrə elmlər doktoru Əfzələddin Əsgərin “Sonuncu qızılbaşlar: Sobu kəndi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Sərxan Xavərinin “Qarabağ və Zəngəzur folklor materialları əsasında “Bənövşə” oyununun strukturu və funksional semantikası”, dosent Hikmət Quliyevin “Zəngəzur folklorunda seyidliyin folklor semantikası: müdrik qoca arxetipi kontekstində sakral simvollaşdırma” və dosent Səfa Qarayevin “Toy mərasimindəki ritual elementlərin simvolik semantikası (Qarabağ və Zəngəzur materialları əsasında)” mövzularında məruzələri dinlənilib.